Hindistan koronavirusdan sağalanların sayına görə lider oldu

19 Sentyabr 2020 18:21 (UTC+04:00)

Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 93 337 nəfər artaraq ümumilikdə 5 308 014 nəfərə çatıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyindən məlumat verilib.

Məlumata görə, son 24 saat ərzində koronavirus infeksiyasından müalicə olunanların sayı 95 880 nəfər artaraq 4 208 431 nəfər təşkil edib və bu, ölkənin göstərilən göstəricidə dünya üzrə lider olmasına imkan yaradıb.

“Hindistan koronavirusdan sağalanların sayına görə ABŞ-ı geridə qoyaraq dünyada birinci sıraya yüksəlib. Sağalanların ümumi sayı 4,2 milyon nəfəri keçib”, - Nazirliyin “Twitter” səhifəsində yazılıb.

Qurumdan verilən məlumatına görə, COVID-19-dan ölənlərin sayı son sutkada 1 247 nəfər artaraq 85 619 nəfərə çatıb. Bu, ABŞ və Braziliyadan sonra dünyada üçüncü göstəricidir. Hazırda 1 013 964 pasiyent müalicə alır.