Dəfn mərasimi hakimiyyətə qarşı aksiyaya çevrildi
4 İyun 2013 15:47 (UTC+04:00)
İyunun 4-də İsfahanın cümə namazının keçmiş rəhbəri, nüfuzlu müxalif ruhani ayətullah Cəlaləddin Tahirinin dəfn mərasimi hakimiyyətə qarşı aksiyaya çevrilib.
87 yaşlı ruhani iyunun 2-də uzun sürən xəstəlikdən vəfat edib.
Ayətullah Tahiri hakim ruhanilərin dünyəvi maraqları üçün dindən istifadəsinə, dini təhrif etməsinə və ölkədə din adı ilə dinc müxaliflərə qarşı repressiyalara etiraz olaraq 2002-ci ildə açıq məktub yazaraq İsfahanın cümə namazının rəhbərliyindən istefa verib.
"Media forum" saytının məlumatına görə, dəfn mərasiminə qatılan minlərlə isfahanlı meyiti çiyinlərində qəbiristanlığa apararkən hakimiyyətə qarşı şüarlar səsləndirərək 3 ilə yaxındır həbsdə saxlanan İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb ediblər.
"Kərrubiyə, Musəviyə azadlıq", "Ya Hüseyn, Mirhüseyn", "Diktatora ölüm", "Siyasi məhbuslara azadlıq", Tahiri, Tahiri azadlığın mübarək" və "Ya Höccət ibn il Həsən (İmam zaman – red), zülmün kökünü qaz" şarları səsləndirən mərasim iştirakçıları ölkənin mövcud durumuna etiraz bildiriblər.
Dəfn mərasiminə İranın islahat tərəfdarı olan bir sıra şəxsiyyətləri, o sıradan da keçmiş prezident Məhəmməd Xatəminin qardaşı Məhəmmədrza Xatəmi, müxalif ruhani Abdulla Nuri, prezidentliyə namizəd Həsən Ruhani və daha bir neçə nəfər qatılıb.
Ayətullah Tahiri Qumda, müxalif ruhani ayətullah Hüseynəli Müntəzirinin yanında dəfn olunmasını vəsiyyət etsə də, buna icazə verilməyib.
AzNews.az