“Ermənistan bu gün şaşqın və qorxu içərisindədir”

1 Oktyabr 2020 12:15 (UTC+04:00)

“Azərbaycan Silahlı Qüvvələri Ermənistanın cəbhə xəttində vaxtaşırı hərbi təxribatlarının, eyni zamanda erməni ordusunun dövlətimizin dinc yaşayış məntəqələrini vaxtaşırı atəşə tutmasının qarşısını almaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başladılar. İlkin nəticələr sevindiricidir. Xeyli ərazimiz azad olunub, Ermənistanın çox sayda hərbi texnikası və hərbi qulluqçusu məhv edilib”.

Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə AzNews.az-a cəbhə xəttində baş verən döyüşləri şərh edərkən deyib:

“Ermənistan bu gün şaşqın və qorxu içərisindədir. Bu, belə də olmalı idi. Çünki Ermənistan bizim torpaqların bir hissəsini işğal etmişdi, Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün bir gün bu əməliyyatı etməli idi. Hesab edirəm ki, ölkəmizin düzgün daxili və xarici siyasət yeritməsi, düzgün ordu quruculuğu həyata keçirməsi, insanlarımızın öz torpaqlarına bağlılığı, yüksək vətənpərvərlik hissi bu gün öz nəticəsini verir. Hər bir kəs ordusu ilə fəxr edir, hər bir kəs Azərbaycan əsgərini dəstəkləyir.

Təsadüfü deyil ki, bu günlər başlanan qismən hərbi səfərbərlikdə hamı döyüş bölgəsinə can atır, zəfər döyüşlərində iştirak etməyə can atır.Azərbaycanın apardığı siyasət öz nəticəsini verir. Bu işdə cənab prezidentin zəhməti kifayət qədər böyükdür. Heç də təsadüfü deyil ki, bu günlər belə bir fikir səslənir: “Əsgərlərimiz səngərdə, prezidentimiz isə siyasi səhnədə vuruşurlar”.

Deputat bildirib ki, Ermənistanın məğlubiyyəti qaçılmazdır:

“Azərbaycan xalqı öz torpaqlarında azad yaşamaq hüququnu günü-gündən möhkəmləndirir. Dünya birliyi Azərbaycanın haqq işi apardığını, Azərbaycanın öz torpaqlarında hərbi əməliyyat apardığının fərqindədir. Böyük bir qələbə qazanacağımız gün heç də uzaqda deyil”.

Səidə

AzNews.az