Kaspi Təhsil Şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürdü

2 Oktyabr 2020 13:15 (UTC+04:00)

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə ordumuza maddi və mənəvi dəstək olmaq hər bir vətəndaşın və qurumun üzərinə düşən məsuliyyətdir. Kaspi Təhsil Şirkəti Azərbaycan-Ermənistan təmas xəttində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Şirkət Azərbaycan Ordusunun uğurlu əməliyyatına dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 manat vəsait köçürüb.

Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Kaspi Təhsil Şirkəti xalqımızın, hər bir Azərbaycan vətəndaşının hər zaman olduğu kimi, bu gün də dövlətimizin yanında olduğunu qürur hissi ilə vurğulayır və hamını səfərbərliyə və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə çağırır.

AzNews.az