“Yalnız onlar bizim ərazini tərk edəndən sonra müharibə dayanacaq”

3 Oktyabr 2020 10:32 (UTC+04:00)

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır”.

AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, söylədiyi sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir:

“Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin qlobal arenada “əhəmiyyətinə”, onlara göstərilə biləcək mümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər və bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yol veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar”.