“Qarabağdakı vəziyyəti yaxından izləyirik” - NATO Baş katibi

5 Oktyabr 2020 16:58 (UTC+04:00)

“Ermənistan birbaşa mülki əhalini hədəf alır. Bu, həqiqətən hərbi cinayətdir”.

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO Baş katibi Jens Stoltenberq ilə təkbətək görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“NATO olaraq Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik. Niyə Azərbaycan və Ermənistana gəldikdə, Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa çağırmırıq? Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Ermənistan 30 ildir işğaldan zövq alır. Ermənistan cəsarət tapdığı yerdə Azərbaycana hücum edir. Azərbaycan öz ərazisində müharibə aparır. Mövqeyimiz açıq və aydındır. Hər kəs, xüsusən də NATO Ermənistanı Azərbaycan ərazilərindən çəkilməyə çağırmalıdır. Azərbaycan hazırda Türkiyədən dəstək istəmir. Ancaq bu baş verərsə, tərəddüd etmədən dəstək verəcəyimizi demişik”,-deyə Çavuşoğlu qeyd edib.

NATO-nun Baş katibi Stoltenberq isə Qarabağ bölgəsindəki vəziyyəti yaxından izlədiklərini bildirib: “Türkiyə çox dəyər verdiyimiz bir müttəfiqimizdir. Türkiyənin təhlükəsizliyi NATO üçün vacibdir. Məqsədimiz Şərqi Aralıq dənizindəki gərginliyi azaltmaqdır. Problemlər danışıqlar və dialoq yolu ilə həll edilməlidir. Yunanıstan ilə Türkiyə arasında etibarlı bir telefon əlaqəsinin qurulmasını təmin edirik. Qarabağ bölgəsindəki vəziyyəti yaxından izləyirik”.