“Ermənistanın atdığı raketlər ciddi təhlükə yaradır” - AZAL

5 Oktyabr 2020 17:09 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır.

AzNews.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Məlumatda deyilir: “Ermənistanın mülki obyektlərə hücumu beynəlxalq humanitar hüquq normalarını, xüsusilə, Cenevrə Konvensiyasının müddəalarını kobud şəkildə pozur. Bu hücumlar Ermənistan tərəfindən dövlət səviyyəsində terror aktlarının həyata keçirildiyini bir daha təsdiq edir.

Ermənistan tərəfinin qanunsuz hərəkətləri bizi ciddi narahat edir və bütün dünya ictimaiyyətini Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməsinə çağırırıq”.