Ermənilər 5 yaşlı qızla əmisini yaraladı

5 Oktyabr 2020 19:23 (UTC+04:00)

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin müdafiə olunmayan ərazilər, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə saat 16 radələrində Ağcabədi şəhərinə 3 raket atıb.

Atılmış raketlərdən biri partlamamış, biri həyətyanı sahəyə düşərək yaşayış evində dağıntılara səbəb olub, digəri isə yaşayış evinə düşüb.

Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.