Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri açıqlandı

6 Oktyabr 2020 16:21 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

DİM-dən AzNews.az-a daxil olan məlumatda qeyd olunur ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqədə iştirak etmək üçün 1144 abituriyent ərizə təqdim edib. Onlardan 750 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) oktyabrın 7-dən DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Qəbul olunanlar oktyabrın 6-dan 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Abituriyentlər təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.