Milli Şurada vahid namizəd “yarası“

5 İyun 2013 11:38 (UTC+04:00)
Milli Şurada vahid namizəd məsələsi ilə bağlı fikirayrılığı yaranıb.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn trend-ə açıqlamasında bildirib ki, hazırda aparılan müzakirələrdə Milli Şuradan prezidentliyə namizəd kimi daha çox Rüstəm İbrahimbəyovun adı çəkilir. Pənah Hüseynin sözlərinə görə, lakin o, İsa Qəmbərin namizədliyini müdafiə edəcək.

Pənah Hüseyn bildirib ki, Milli Şuranın əsas məqsədi seçkilərdə vahid namizəd ilə iştirak etməkdir: "Əgər Milli Şura vahid namizədlə seçkilərdə iştirak etməyəcəksə, Milli Şura məsələsi də o qədər marağa səbəb ola bilməz".

O, Milli Şuranın tərkibinin müəyyən edilməsi və bu istiqamətdə ləngimələrin yaranmasının səbəbini bu qurumda bir-biri ilə ideoloji və geosiyasi meyillərinə görə fərqli qüvvələrin cəlb olunması ilə izah edib: "Bu ləngimə ziddiyətli və mürəkkəb bir prosesin nəticəsidir. Əlbəttə ki, burada hansı cərəyanın, hansı siyasi ideyaların üstün olacağı mühüm məsələdir".

AzNews.az