Mütərəqqi hüquqi islahatlar vəkillik institutunun cəmiyyətdəki layiqli yerini təmin edib

9 Oktyabr 2020 17:49 (UTC+04:00)

Tarixi gerçəkliklər təsdiqləyir ki, müasir dövlət modelinin yaradılması, demokratik idarəetmə meyarlarının cəmiyyət həyatında tətbiqi çevik hüquqi mexanizmlərin yaradılmasından bilavasitə asılıdır. Avratlantik məkana inteqrasiya kursu seçmiş Azərbaycanın qısa müddətdə demokratikləşmə sahəsində böyük nailiyyətlər qazanması da bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatlarının ölkənin sosial-iqtisadi inkişaf dinamikası və demokratik şüur səviyyəsi ilə uzlaşdırılması nəticəsində mümkün olub.

Bu günlərdə dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü tamam olacaq Azərbaycan Respublikasında ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iq­tisadi inkişafın başlıca təminatlarından biri kimi çıxış edir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən bu reallığı düzgün müəyyənləşdirərək respublikada dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimləndiyi, insan hüquq və azadlıq­larının maksimum dərəcədə qorundu­ğu, liberal ideyaların möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüurda möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirib.

Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması kimi mürəkkəb bir proses məhz 1995- ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyaya əsaslanıb. Konstitusi­yanın maddələrinin üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktları­nın qəbulunu təmin edib. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyası yaradılıb, Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanmış “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış tədbirləri haqqında” və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi yekunu olub.

Azərbaycan Respublikası Kons­titusiyasının 61-ci maddəsi (Hüquqi yardım almaq hüququ) respublikada vəkillik institutunun fəaliyyətini tənzimləyən qanunvericilik bazası­nın formalaşdırılması və müstəqil fəaliyyəti baxımından fundamental hüquqi baza yaradıb. Əsas Qanunun həmin maddəsinə əsasən, “I.Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. II. Qanunla nəzərdə tutulmuş hallar­da hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır”.

Azərbaycanda vəkilliyin yaradıl­ması və hüquq sistemində layiqli ye­rinin təmin olunması istiqamətində mü­hüm addımlarından biri də 28 dekabr 1999-cu il tarixdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu olub. Bununla da ölkəmizin tarixində ilk dəfə olaraq vəkillik institutu müstəqil, hakimiyyətin hansısa qolundan asılı olmayan mühüm təsisata çevrilib.

Sözügedən Qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda hüquq və qanunla qoru­nan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, habelə tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqları­nın təmininin, eləcə də başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsinə im­kan yaradır. Qanun, eyni zamanda, Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyənləşdirir.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə, habelə məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün vəsaiti olmayan şəxslərə hansısa məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydaları müva­fiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Tutulmuş şəxs tərəfindən müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından, habelə fərdi qaydada fəaliyyət göstərən vəkillər sırasından Vəkillər Kollegiya­sının müəyyənləşdirdiyi qaydada tərtib edilmiş növbətçilik siyahısına uyğun vəkil dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqavilə bağlanır. Qanuna əsasən, öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, vəkillik hüquq-müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demok­ratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkillər Kollegiyası qanunvericilik əsasında təsis edilən, əsas idarəedici orqan olub vəkillik peşəsinin idarə edilməsi ilə bağlı əsas funksiyaları həyata keçirir. Kollegiya AzərbaycanRespublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu qurum­dur.

Vəkillər Kollegiyasının əsas funksiyalarından biri də vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, habelə digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə və təzyiqə yol verilməməsidir. Nizamnaməsinə əsasən,Vəkillər Kollegiyası və onun üzvlərinin əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarını, qanunla qorunan mənafelərini müdafiə etmək, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquq yardım göstərilməsini təmin etmək və vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir. Vəkillər Kollegiyası, eyni zamanda, qanunun tələblərinə uyğun olaraq kollegiya üzvlüyünə qəbulolunma məsələsini həll edir, intizam nəzarətini həyata ke­çirir, hüquq-mühafizə orqanlarının və məhkəmələrin tələbi əsasında vəkillik fəaliyyəti ilə bağlı məsələlərə rəy verir. Həmçinin, səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, habelə digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir.

Xüsusi vurğulamaq lazımdır ki, hələ 2004-cü ildə ilk dəfə olaraq Vəkillər Kollegiyasının təsis olunması Azərbaycanda vəkilliklə bağlı qanun­vericiliyin tam şəkildə reallaşdırılma­sını, vətəndaşların dövlətin hüquqi yardımı ilə maksimum səviyyədə əhatə edilməsini gerçəkləşdirib. Azərbaycan Prezidenti cənab İlham Əiyevin 11 mart 2005-ci il tarixli “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşı­laşdırılması üzrə tədbirlər barədə” sərəncamı kollegiyanın maddi-tex­niki təminatının yaxşılaşdırılmasını reallaşdırıb. Belə ki, həmin sərəncam əsasında Vəkillər Kollegiyasının fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminat məsələləri həllini tapıb, nəqliyyat vasitələrinin alınması, habelə vəkillərin xüsusi geyim formasının hazırlanması üçün vəsait ayrılması reallaşdırılıb, eyni zamanda, vəkillərə dövlət hesabına ödənilən hüquqi yardımın məbləğinin artırılması diqqət mərkəzində sax­lanılıb. Sərəncamla qarşıya qoyu­lan kollegiya üzvlərinin peşəkarlıq səviyyəsinin, onların göstərdikləri hü­quqi yardımın keyfiyyətinin artırılması kimi mühüm vəzifələr yerinə yetirilib.

Sonrakı mərhələdə qəbul olunmuş bir sıra dövlət proqramları və digər sənədlər vəkilliyin cəmiyyətdəki nüfuz və statusunun möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub. Belə ki, Azərbaycan Prezidentinin 2004-cü il 3 sentyabr tarixli sərəncamı ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizə üzrə” (2004-2006-cı illər) Dövlət Proqramı, 2007-ci ildə qəbul olunan “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”, 2011-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında insan hüquq və azad­lıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” vəkilliyin fəaliyyətinin yeni dövrün çağırışlarına uyğunlaşdı­rılması, vətəndaşların hüquqi yardım alması mexanizmlərinini daha da təkmilləşdirilməsi baxımından mühüm önəm daşıyıb. Bu və digər sənədlər insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların vəkillər tərəfindən tədris prosesində geniş istifadə edilməsinə, vəkillik institutunun müstəqilliyinin təmininə, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılmasına xidmət edib.

Son illər idarəçiliyin bütün sahələr üzrə əsaslı şəkildə təkmilləşdirilməsi, şəffalığın artırılması məqsədilə müasir çağırışları düzgün dəyərləndirərək fəaliyyətlərində tətbiq edən bacarıqlı gənc kadrların bütün sahələrdə önə çəkilməsi Vəkillər Kollegiyasından da yan ötməyib. Aparılan genişmiqyaslı hüquqi islahatlar çərçivəsində Vəkillər Kollegiyasının rəhbərliyinin seçki yolu ilə yenilənməsi, vəkillərin sayınının peşəkar gənc kadrlar hesabına artırıl­ması qurumun fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından son dərəcə əhəmiyyətli addımlardan biri kimi vurğulan­malıdır. Vəkillər Kollegiyasının 7 dekabr 2017‐ci il tarixdə keçirilmiş konfransında Rəyasət Heyətinin sədri vəzifəsinə peşəkarlığı, təşəbbüskarlığı, novatorluğu və elmi sahədəki uğurları ilə seçilən Anar Bağırovun seçilməsi, eləcə də Rəyasət Heyətinin tərkibinin yenilənməsi qısa müddətdə müsbət və səmərəli nəticələrə yol açıb. Bütün bunlar VəkillərKollegiyasının cəmiyyətdəki yerinin və statusunun möhkəmlənməsinə, fəaliyyətindəki durğunluğun, passivliyin aradan qalxmasına, onun hüquq sistemində tam müstəqil və nüfuzlu təsisat kimi formalaşmasına zəmin yaradıb. Kol­legiyanın Rəyasət Heyətinin, habelə Vəkillərin İntizam Komissiyasının tərkibinə xaricdə təhsil alan, müxtəlif xarici dilləri bilən vəkillərin daxil edilməsi ümumi işin səmərəliyini daha da artırıb.

Yeni komandanın fəaliyyəti vəkilliyin daha mütərəqqi instituta çevrilməsini, bu istiqamətdə bir sıra innovativ layihələrin uğurla reallaşdı­rılmasını təmin edib. Vəkillərin etik davranış qaydalarına riayət etmələri istiqamətində təbliğat gücləndirilib, eyni zamanda, Vəkillər Kollegiyasının bir sıra xarici ölkə və yerli dövlət qu­rumları ilə əməkdaşlığı genişləndirilib. Mülki Prosessual, İnzibati Proses­sual məcəllələrə, habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra ölkə üzrə vəkillərin sayının artırılma­sı istiqamətində mütərəqqi addımlar atılıb.

Dövlətimizin başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasın­da vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli sərəncamı məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafını da təmin edib. Sərəncama əsasən, qarşıya qoyulan Vəkillər Kollegiyası­nın Rəyasət Heyətinin və Kollegiya­nın digər strukturlarının fəaliyyətinin təmini məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görmək, regionlarda apell­yasiya, ağır cinayətlər və inzibati-iq­tisadi məhkəmələrinin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmini məqsədilə onları müvafiq binalarla (yerlərlə) təmin etmək, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə qanunla müəyyənləşdirilən məbləğin 3 dəfə artırılmasını gerçəkləşdirmək, Kol­legiyanın maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər reallaşdırmaq kimi vəzifələr uğurla həyata keçirilib.

Bütün bunlarla bərabər, sərəncam əsasında Vəkillər Kollegiyası ixtisas imtahanlarının müntəzəm keçirilməsi, quruma yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbuluna şərait ya­ratması, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisası­nın artırılması ilə bağlı zəruri tədbirlər görüb, vəkillərin öz fəaliyyətlərində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə, habelə yüksək peşə stan­dartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli dav­ranış tələblərinə ciddi riayət etmələrini təmin etmək kimi mühüm məsələlər həllini tapıb. Şübhəsiz ki, bu zaman şəhər və rayonlarımızda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər də həyata keçirilib, Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müəyyən işlər görülüb, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elekt­ron formada göstərilməsi təcrübəsini genişləndirmək diqqət mərkəzində saxlanılıb.

Dövlətimizin rəhbərinin 7 noyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Proses­sual məcəllələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanu­na dəyişikliklərin təsdiqlənməsi ilə vəkillik institutunun hüquq sistemində yerinin gücləndirilməsi, peşəkar və yüksək keyfiyyətli hüquqi yardımın məhz vəkillərə həvalə olunması məsələləri də uğurlu həllini tapıb.

Sərəncama əsasən, qısa zamanda ölkədə vəkillərin sayının artırılması məsələsinin həllini tapması da mühüm addımlardan biri kimi yadda qalıb. Müqayisə üçün bildirək ki, əgər 2005- ci ildə Vəkillər Kollegiyası üzvlərinin sayı 370 nəfər idisə, hazırda bu qərəm 1800 nəfəri ötüb. Mühüm yeniliklərdən biri də Vəkillər Kollegiyasının müasir bina ilə təmin olunması, dövlət hesa­bına göstərilən hüquqi yardıma görə vəkillərə verilməsi müəyyən edilmiş ödənişin məbləğinin 3 dəfəyədək artı­rılması olub.

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli sərəncama əsasən, Vəkillər Kol­legiyasının rəsmi internet səhifəsində yer alan elektron vəkil kabinetlərində “Elektron məhkəmə” portalına çıxış təmin edilib. Eyni zamanda, vəkillərin məhkəmə hakimiyyətinin Məhkəmə Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində fəal iştirakı da onun cəmiyyətdəki yerinə verilən yüksək qiymətin təcəssümüdür.

Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı isə məhkəmələrlə yanaşı, vəkilliyin də inkişafının gələcək hədəflərini müəyyənləşdirib. Sənəddə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə Vəkillər Kollegiyasına da bir sıra vacib tövsiyələr verilib. Bu baxımdan, mülki prosessual qanunvericiliyin təhlil edilib beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-pro­sessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi mühüm əhəmiyyətə malikdir.

Ümumilikdə, 2017-ci illə müqayisədə vəkillərin sayının 83 faizədək artırılması, vəkilliyə qəbul prosesinin sadələşdirilməsi, vəkil qurumlarının sayının 39-dan 73-dək yüksəldilməsi, vəkillərin fəaliyyətində elektron texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, bir sıra “ASAN xidmət” mərkəzlərində aztəminatlı əhaliyə pulsuz hüquqi yar­dım xidmətlərinin təşkili, Kollegiyanın fəaliyyətinin ictimaiyyətə açıqlığının təmini, regional vəkil bürolarının ya­radılması və s. tədbirlərin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Xatırladım ki, Vəkillər Kollegiyası bu günlərdə fəaliyyətini ölkədə elan edilmiş hərbi vəziyyət rejimə uyğun­laşdıraraq, Ermənistanın Azərbaycana qarşı təxribatlarının, habelə mülki əhaliyə qarşı törədilən vandalizmin beynəlxalq arenada hüquqi cəhətdən ifşası istiqamətində tədbirlər həyata keçirir. Kollegiyanın bir neçə gün əvvəl keçirilmiş iclasında cəbhə bölgəsində davam edən əməliyyatlar, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən terror əməlləri, əhalinin kompakt olduğu məntəqələrin intensiv atəşə tutulması məsələləri müzakirə olunub. İclasda erməni təxribatları, dinc əhaliyə qarşı törədilən terror əməlləri və apa­rılan hərbi əməliyyatlar zamanı zərər çəkmiş şəxslərə və hərbi qulluqçulara ödənişsiz hüquqi yardımın göstərilməsi qərara alınıb. Eyni zamanda, Vəkillər Kollegiyasının bir sıra üzvlərinin səfərbərliyə cəlb edilməsi ilə bağlı həmin vəkillərin ailələrinə hər ay 500 manat ödənilməsi, onların üzvlük haqqından azad edilməsi və digər mühüm güzəştlərin tətbiqi barədə qərar qəbul edilib. Həmçinin, Kollegiya işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 150 min manat pul vəsaiti ianə edib.

Bu gün hər bir vətəndaşımız kimi, Azərbaycan Vəkillər Kollegiyasının çoxsaylı üzvləri də Azərbaycan Prezi­denti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan haqq müharibəsini dəstəkləyir, ordumuzun uğurları ilə qürur duyur. Ürəkdən inanırıq ki, beynəlxlaq hüququn norma və prinsiplərini hər zaman rəhbər tutan Azərbaycan qısa zamanda həyata keçirdiyi əks-həmlə əməliyyatlarını uğurla başa çatdıracaq, qürür yerimiz olan üçrəngli bayrağımız işğaldan azad edilmiş əraziərimizdə dalğalanacaq.

Zaman SƏMƏDOV, hüquqşünas