11,08 min nəfərə e-qaydada pensiya təyin edilib

10 Oktyabr 2020 11:48 (UTC+04:00)

Avtomatlaşdırılmış təyinat sistemləri vasitəsilə bu ilin yanvar-sentyabr aylarında 11,08 min şəxsə elektron qaydada pensiya, 61 min şəxsə isə e-qaydada müavinət-təqaüd təyin olunub.

AzNews.az-a daxil olan məlumata görə, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin (ümumən 21 sosial təminat növünün) elektron təyinat sistemi işə salınıb. Həmin e- sistemlər vasitəsilə ümumilikdə 103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib.

Bu proaktiv xidmətlər vətəndaşlara hüquqları yaranan zaman onlara pensiya, müavinət, təqaüdün avtomatik olaraq təyin olunmasına imkan verib. Beləliklə, sosial ödənişlərin təyinatı zamanı vətəndaşların hansısa quruma müraciət edərək sənəd təqdim etmələrinə ehtiyac qalmır, təyinatlar məmur-vətəndaş təması olmadan, tam şəffaf həyata keçirilir.

Digər bir sıra sosial təminat növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam edir.