Azərbaycan Ermənistana son dəfə şans verdi

10 Oktyabr 2020 16:48 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasındakı atəşkəslə bağlı açıqlama yayıb.

AzNews.az xəbər verir ki, açıqlamada qeyd olunur ki, bu gün Azərbaycan və Ermənistan arasında cəbhə xəttində atəşkəs elan edilib:

"27 sentyabrda başlayan silahlı qarşıdurmalarda Azərbaycan Ermənistana və bütün dünyaya öz imkanları və özünə inamı ilə təxminən 30 il işğal altında olan torpaqlarını geri ala biləcəyini göstərdi.

Bu müddət ərzində dünyanın hər yerindən humanitar səbəblərdən atəşkəs tələbləri gəldi. Azərbaycan da Ermənistana son dəfə işğal etdiyi ərazilərdən çəkilmək üçün şans verdi.

İnsani əsaslarla əsir mübadiləsi və dəfn mərasimləri üçün elan edilən atəşkəs vacib bir ilk addım olsa da, daimi bir həll yolunu əvəzləyə bilməz.

Türkiyə lap əvvəldən ancaq Azərbaycanın razılaşacağı həll yollarını dəstəklədiyini vurğulayıb. Bu mənada meydanda və masada Can Azərbaycanın yanında olmağa davam edəcəkdir.",-deyə bəyanatda qeyd olunub.