Azərbaycanın Rusiyadakı səfirliyindən açıqlama

11 Oktyabr 2020 20:23 (UTC+04:00)

“Mülki obyektlərin Ermənistan tərəfindən qəsdən atəşə tutulması beynəlxalq hüququn əsas normalarına və öhdəliklərinə riayət etmək istəmədiyini bir daha nümayiş etdirir”.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin Moskvada əldə olunmuş atəşkəs şərtlərinin Ermənistan tərəfindən pozulması ilə əlaqəli açıqlamasında deyilir.

Səfirlik 10 oktyabr 2020-ci il tarixində saat 12: 00-dan etibarən Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirləri arasında hərbi əsirlərin və toqquşmalar zamanı öldürülənlərin cəsədlərinin mübadiləsi üçün atəşkəs barədə razılaşma əldə edildiyini xatırladıb.

Bəyanatda bildirilir ki, bu razılaşmanın humanitar tərkib hissəsinə baxmayaraq, Ermənistanın silahlı qüvvələri əldə olunmuş razılaşmanı kobud şəkildə pozaraq, Azərbaycanın Ağdam və Tərtər rayonlarına raketlə ağır zərbələr endirib, Hadrut və Cəbrayıl istiqamətində hücuma cəhd ediblər.

“Suqovuşanda erməni əsgərlərinin cəsədlərini toplayan ağ bayraqlı təcili yardım maşını vuruldu və nəticədə bir tibb işçisi ağır yaralandı.

Oktyabrın 11-nə keçən gecə cəbhədən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə Ermənistandan təxribatı nəticəsində çox sayda yaşayış binasının dağıdılması ilə nəticələnən raket hücumlarına məruz qaldı, 9 mülki şəxs öldü və uşaqlar da daxil olmaqla 34 nəfər müxtəlif dərəcəli ağır yaralandı.

Bununla əlaqədar olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi olaraq açıqlama verib ki, atəşkəs haqqında razılaşmadan sonra mülki şəxslərin və şəhərlərin atəşə tutulması açıq-aşkar məsuliyyətsizliyin daha bir bariz nümunəsidir. Ermənistan rəhbərliyi tərəfindən atəşkəs çağırışı riyakarlıqdan başqa bir şey deyil və vaxt qazanmaq istəyidir.

Azərbaycan tərəfi Ermənistanın növbəti təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquq və beynəlxalq öhdəliklərə riayət etməyə məcbur etmək üçün təsirli tədbirlər görməyə çağırır.

Bölgədəki vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.