Neftin ucuzlaşması sürətləndi

12 Oktyabr 2020 20:05 (UTC+04:00)

Bu gün dünya bazarında neft qiymətlərinin azalması bir qədər sürətlənib.

AzNews.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 14:32-yə olan məlumata görə, “Brent” markalı neftin dekabr fyuçersləri 1,35% ucuzlaşaraq 42,27 ABŞ dollarından, WTI markalı neftin noyabr fyuçersləri isə 1,53% ucuzlaşaraq 39,98 ABŞ dollarından realizə edilib.

Qiymət azalmasının səbəbləri kimi Liviyanın ən iri neft yatağı Şərərədə fors-major rejiminin başa çatması, Meksika körfəzində Delta qasırğasının səngiməsi ilə bir çox hasilat platformalarının fəaliyyətini bərpa edilməsi barədə xəbərlər göstərilir. Bununla yanaşı, Norveçin neft-qaz müəssisələrində tətilin dayandırılması xəbərləri də sərmayədarlar arasında əks-səda doğurub. Bundan əvvəl bu ölkənin “Equinor” dövlət şirkəti bəyan etmişdi ki, tətil oktyabrın 14-nə qədər davam etsə, Şimal dənizindəki böyük “Johan Sverdrup” yatağındakı hasilat işləri dayandırıla bilər.

“Hazırkı ucuzlaşmanın səbəbi hasilatdakı fasilələrə son qoyulmasıdır. Bu da tələbatla bağlı davam edən şübhələr də nəzərə alınsa, bazarın sabit qalmasını təmin etmir”, - deyə İsveçrənin UBS investisiya bankının xammal eksperti Ciovanni Staunovo “Reuters” agentliyinə bildirib.