Mədət Quliyev Yaponiya səfirini qəbul edib

14 Oktyabr 2020 16:00 (UTC+04:00)

14 oktyabr 2020-ci il tarixində Müdafiə Sənayesi naziri Mədət Quliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Vada Cüniçini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən AzNews.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Yaponiya arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb.

M. Quliyev səfir Vada Cüniçini təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Nazir Ermənistanın son təxribatları haqqında səfiri ətraflı məlumatlandırıb. O qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın mülki şəxsləri və infrastrukturu humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə məqsədli şəkildə hədəfə alınır. Gəncə şəhəri ilə yanaşı sənaye obyektlərinin və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri və digər yaşayış məntəqələri ağır artilleriya, həmçinin raket atəşinə tutulur. Mülki əhali arasında öldürülən və yaralanan şəxslər barədə qarşı tərəfə geniş məlumat verilib. Bildirilib ki, Ermənistanın hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır və hərb meydanında düşmənə yetərli cavab verilir.

Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.