Pandemiya ilə bağlı istehsalat tənəzzülünün miqyası açıqlandı

14 Oktyabr 2020 23:43 (UTC+04:00)

Koronavirus pandemiyasının doğurduğu böhran nəticəsində qarşıdakı 5 il ərzində dünyada istehsalat 28 trilyon ABŞ dolları həcmində tənəzzülə uğrayacaq.

AzNews.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva Vaşinqtondakı mətbuat konfransı üçün hazırlanmış nitqində bildirib.

Cari ildə dünya ÜDM-nin 4,4 faiz azalacağını da xatırladan təşkilat rəhbəri daha sonra qeyd edib ki, pandemiya başlayandan 9 ay sonra biz hələ də bir milyondan artıq insan həyatına başa gələn, iqtisadiyyatda da geriləmə yaradaraq az gəlirli ölkələrdə işsizliyin, yoxsulluğun kəskin artmasına, “itən nəsil”in ortaya çıxması ehtimalına səbəb olan bu böhranın zülmətində çapalayırıq: "Son aylar mənzərə bir qədər nikbin olsa da, Böyük Tənəzzül vaxtlarından bu yana ən böyük dünya resessiyası barədə proqnozumuzu qüvvədə saxlayırıq”.

Böhranı aradan qaldırmaq üçün zəruri tədbirlər sırasında IMF rəhbəri ev təsərrüfatlarına və şirkətlərə maliyyə dəstəyini, o cümlədən vergi güzəştlərinin tətbiqini, daha dayanıqlı və inklüziv iqtisadiyyat qurulmasını, habelə dövlət borcu ilə bağlı məsələlərin həllini misal çəkib: “Proqnozlara görə, 2021-ci ildə məcmu dövlət borcları ÜDM-in 100 faizi kimi görünməmiş həddə çatacaq. Bu, qismən böhrana qarşı tədbirlərə, dirçəlməyi təmin etməyən ölkələrin çəkməli olduğu məsrəflərlə bağlıdır. Bu problemin orta perspektivdə həll edilib-edilməyəcəyi mühüm əhəmiyyət daşıyır”.

Pandemiyanın əvvəlindən bu yana böhrana qarşı səylərini əsirgəmədiklərini dilə gətirən IMF başçısı hazırda kredit öhdəliklərinin 280 milyard ABŞ dollarından çox olduğunu bildirib: “Bizim 1 trilyon ABŞ dolları həcmində kredit ehtiyatlarımız hələ də üzvlərimizi dəstəkləmək üçün kifayətdir. İndiyədək 81 ölkəyə faizsiz, güzəştli kreditləri dəstəkləmək üçün əlavə olaraq 21 milyard ABŞ dolları vəsait cəlb etmişik. Kredit alətlərimizi daha da səmərəli hala gətirmək üçün yeni yolları araşdırırıq”.