Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib

16 Oktyabr 2020 16:15 (UTC+04:00)

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu məqsədlə qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində keçirilən tədbirlər zamanı bəzi vətəndaşların özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etmədiyi müəyyən edilib.

Bəzi hallarda isə insanların tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və ya yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən edilib. Onlarla profilaktik-izahedici söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib. Polis əməkdaşları tərəfindən edilən profilaktik söhbətlərə və xəbərdarlıqlara rəğmən qaydaları pozan şəxslər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və onlar cərimələniblər.