“Rəcəb Tayyib Ərdoğan dünya lideridir” - Prezident

16 Oktyabr 2020 21:49 (UTC+04:00)

“Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə”.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində səsləndirib.
Rəcəb Tayyib Ərdoğanın Türkiyə üçün çox böyük işlər gördüyünü vurğulayan dövlət başçısı deyib:

“Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik”.