Sabir Rüstəmxanlı Türkiyə olaylarını şərh etdi

5 İyun 2013 14:43 (UTC+04:00)
"Xalqın qarşısını polislə, gözyaşardıcı qazla, su şırnağı ilə almaq olmadı"

"Türkiyədə son günlər yaşananlar birmənalı xalq hərəkatıdır. Vətəndaşın ekoloji bir məsələ ilə bağlı etirazı hökumətin bu məsələyə gərəkli diqqəti ayırmaması sayəsində bütün ölkəni əhatə edən geniş bir hərəkata çevrildi".

AzNews.az-ın məlumatına görə, bu sözləri "Yeni Müsavat" qəzetinə müsahibəsində Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Türkiyə hökumətinin Taksimdəki Atatürk Kültür Mərkəzini sökmək qərarı isə səbrləri son həddə çatdırdı: "Xalq sakit şəkildə parkda ağacların qırılmasına etirazını bildirirdi. Heç kəsin əlində nə bir bayraq vardı, nə də hökumət əleyhinə şüarlar səsləndirilirdi. Ancaq sonra hakimiyyət vətəndaşları vecinə almadan söküntü işlərini davam etdirməyə başlayınca böyük bir xalq etirazı ilə üz-üzə qaldı. Birdən-birə bütün Türkiyə ayağa qalxdı".

S.Rüstəmxanlının sözlərinə görə, Türkiyə vətəndaşlarının davranışından belə bir qənaətə gəlinir ki, xalq hökumətin siyasətini bəyənmir, iqtidardakılara "sən özünün, ətrafındakıların, qohum-əqrəbanın mənfəətini düşünürsənsə, mən də küçələrə çıxıb öz sözümü deyəcəyəm" deyir.

Türkiyənin uzun müddət idi, belə bir geniş hərəkat görmədiyini qeyd edən partiya sədri baş verənlərin ona 1988-89-cu il Azərbaycan xalq hərəkatını xatırlatdığını bildirib: "Hakimiyyətin belə geniş hərəkat yaranacağını ehtimal etməsi inandırıcı deyil. Türkiyə vətəndaşlarının özləri heyrətə gəlmişdilər. Sanki neçə illər toplanan etiraz enerjisi vulkan kimi püskürdü. Türkiyədə illərdir, qəzetlərdə yazılanlar - Ərgənəkon adına generalların kütləvi həbsi, ordunun yıpradılması, Türkiyənin Atatürk xəttindən döndərilməsi meylləri, Konstitusiyaya dəyişikliklər edilməsi cəhdləri, xalqı aşağılamaq siyasəti sanki bir anda cavabını aldı".

S.Rüstəmxanlı bildirib ki, xalqın qarşısını nə polislə, nə gözyaşardıcı qazla, nə su şırnağı ilə almaq mümkün olmadı və sonda hökumət üzr istəməyə məcbur edildi: "Yəqin ki, bütün baş verənlərdən sonra Türkiyə hökuməti siyasətinə müəyyən dəyişiklik etməyə məcbur olacaq. Çünki son olaylar göstərdi ki, xalqın iradəsinə qarşı getmək olduqca gözlənilməz olayların meydana çıxmasına səbəb ola bilər".

AzNews.az