Nazirlik müdhiş saxtakarlığın qarşısını aldı

5 İyun 2013 16:03 (UTC+04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda müdhiş saxtakarlığın qarşısını alıb.

AzNews.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qurumun əməkdaşları Bakının Zabrat qəsəbəsində Əlişov Ülvi Əbülfət oğluna məxsus sexdə aparılan yoxlama zamanı saxta elektrik kabel və naqillər istehsal edildiyi müəyyən edilib.

Belə ki, sexdə istehsal olunan elektrik kabel və naqillərin müvafiq uyğunluq sertifikatı olmadan istehsal edildiyi, markalanma məlumatlarında isə məhsulların sertifikatlaşdırılması barədə yanlış məlumatların verildiyi, eləcə də kabel və naqillər istehlakçılara Türkiyə istehsalı olan "İEGE kablo", "Ümid kablo","STS kablo", "İES kablo" adları altında təqdim edildiyi aşkarlanıb.

Bununla yanaşı, Ülvi Əlişov tərəfindən yerli təsərrüfat subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edildiyi də müəyyən olunub.

Yoxlama zamanı aşkar edilmiş saxta 175 min metr elektrik kabel və naqillərin satışı dayandırılıb.

Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs Ülvi Əlişov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Anar
AzNews.az