“Mən qanuna qarşı deyiləm“- Ziyafət Əsgərov

5 İyun 2013 16:17 (UTC+04:00)



Lent. az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.

Ziyafət Əsgərov onu da deyib ki, belə bir qanunun qəbulu haqqında Azərbaycanın öhdəliyi yoxdur: "Dəfələrlə qeyd olunub ki, belə bir qanunun qəbulu haqqında Azərbaycanın öhdəliyi yoxdur. Mən qanuna qarşı deyiləm, bu sənədlə bağlı qeyri-dəqiq yanaşmaya qarşıyam. Nədənsə ölkədə "Diffamasiya haqqında" qanunun tətbiqi ilə bağlı yanlış anlaşma var. Axı bu qanunun qəbulu o demək deyil ki, bundan sonra istənilən jurnalist kimi istəsə təhqir edəcək və buna görə də məsuliyyətə cəlb olunmayacaq. Təəssüf ki, bəzi KİV-lər bu sənədlə bağlı məhz bu istiqamətdə yanlış təbliğat aparırlar. Ona görə də hesab edirəm ki, bu sənəd qəbul edilməzdən öncə əhalidə, cəmiyyətdə düzgün maarifləndirmə işi aparılmalıdır. Layihənin nə vaxt hazır olub müzakirəyə çıxarılacağını bilmirəm, amma həmin vaxta kimi ciddi maarifləndirmə işləri görülməlidir. Amma yenə də o fikrimi təkrar edirəm ki, şərəf və ləyaqətin alçaldılmasına görə məsuliyyət olmalıdır. Əgər vətəndaş təhqirə, böhtana məruz qalırsa, ləyaqəti alçaldılır. Şərəf Azərbaycan vətəndaşı üçün çox müqəddəs anlayışdır. Bizdə bu məsələyə fərqli münasibət olduğunu deyəndə digər milləti aşağılamaq məqsədim yoxdur. Sadəcə, bir daha vurğulamaq istəyirəm ki, Qərb ölkəsində anadan olan vətəndaşın böyüdüyü, onu əhatə edən mühit Azərbaycandakı mühitdən tam fərqlidir. Ona görə o ölkələrdə "şərəf "və "ləyaqət" anlayışı da fərqlidir".

Ziyafət Əsgərov bildirib ki, bir vətəndaşın təhqir olunması bizdə çoxları üçün namus məsələsidir: "Təhqiri hətta namusa ləkə kimi qəbul edənlər var. Qərbdə isə hamıda olmasa da, əksəriyyətdə yanaşma fərqlidir. Anlayışlar eyni olsa da, məzmunu mühitdən fərqli olaraq, dəyişir".

AzNews.az