Ədliyyə naziri dünya prokurorlarına müraciət etdi

21 Oktyabr 2020 21:32 (UTC+04:00)

Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının təşkilatın Prezidentinə, Baş Katibinə, senatorlarına və İcraiyyə Komitəsinin üzvlərinə müraciət ünvanlayıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, müraciətdə cinayətkarlıqda mübarizədə ön sıralarda dayanan və dünya prokurorlarını birləşdirən yeganə təşkilat olan Beynəlxalq Prokurorlar Assosiasiyasına Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatları və müharibə cinayətləri barədə məlumat verilib.

Bildirilib ki, cəzasızlıqdan ruhlanan Ermənistan silahlı birləşmələrinin sentyabrın 27-dən yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində bu günədək təkcə hərbçilərimiz deyil, eyni zamanda qadın, uşaq və ahıllar olmaqla 63 dinc sakin həlak olub, 290-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə, 2400-dən artıq yaşayış binası və mülki obyekt dağıdılıb və ya ciddi ziyan dəyib.

Ermənistan tərəfi beynəlxalq hüquq normalarına əsasən istifadə olunması qadağan edilmiş kasset bombaları ilə dinc şəhər və kəndləri, hərbi əməliyyatlar aparılan yerdən 100 km-dən çox məsafədə olan, ərazisində Avropada ən iri bəndli su anbarlarından biri və enerji obyekti yerləşən Mingəçevir şəhərini, Avropanın enerji təhlükəsizliyində mühüm rolu oynayan neft kəmərlərini atəşə tutur, ekoloji fəlakət yaratmaq istəyir.