Deputat: "Biz düşmənin dərsini öz gücümüzlə verməli olduq"

22 Oktyabr 2020 16:45 (UTC+04:00)

"Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olmuşdur və bu gün də öz mövqeyinə sadiqdir. Danışıqlar birtərəfli aparılmır. Qarşı tərəf sərsəm bəyanatlar səsləndirir və səsləndirdikləri sərsəm fikirlərini gün ərzində 3-4 dəfə dəyişdirir".

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada baş tutacaq görüşünün nəticələrindən danışan zaman deyib.

Deputat bildirib ki, belə riyakarlıq göstərənlərlə danışıqlar aparıb nəyisə müzakirə etmək qeyri-mümkündür:

"Ölkə başçısı dəfələrlə qeyd edib ki, münaqişənin ədalətli həll olunması üçün danışıqlara dəvət olunarsa, biz buna hazırıq. Amma danışıqların predmeti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına xidmət etməlidir. Biz 30 ilə yaxın bir müddətdə beynəlxalq hüquqa hörmətlə yanaşaraq tarixi ədalətin bərpasını beynəlxalq təşkilatların öhdəsinə buraxdıq. Nəticədə biz onu gördük ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində nə beynəlxalq təşkilatların, nə də dünyanın güc mərkəzləri olan ölkələrin işğalçı tərəfə hər hansı bir təzyiqinin şahidi olmadıq. Cəzasızlıqdan tam arxayınlaşan erməni terroristləri nəinki yenidən danışıqların aparılmasına, hətta yeni ərazilər uğrunda yeni müharibə bəyanatı səsləndirərək ölkəmizə qarşı təxribatlarını genişləndirdi. Nəticədə isə biz düşmənin dərsini öz gücümüzlə verməli olduq və uzun illər dünyanın beynəlxalq hüquq çərçivəsində həll edə bilmədiyi məsələni biz öz hərb gücümüzlə həll edirik.

Deyə bilərəm ki, Paşinyanın ölkəmizlə münaqişənin tənzimlənməsi ilə əlaqədar bir masa arxasında oturmağına heç mənəvi haqqı da yoxdur. Bütün bunlara baxmayaraq biz yenə danışıqlara hazırıq və birdəfəlik mövcud problemin tez bir zamanda kökündən həll edilməsinə israrlıyıq".

Səidə

AzNews.az