"Trend": "Ermənistanın NATO-ya müraciəti heç bir nəticə verməyəcək"

23 Oktyabr 2020 14:15 (UTC+04:00)

Ermənistanın NATO-ya müraciəti Yerevanın diplomatik həmləsinin daha bir mənasız cəhdidir və bu, Ermənistana uzunmüddətli perspektivdə heç bir nəticə gətirməyəcək.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, Ermənistan prezidenti geosiyasət anlayışını itirib:

“Bir müddət əvvəl “France 24” telekanalına müsahibəsində o, ölkəsinin Rusiya ilə strateji əməkdaşlığı barədə bəyan edib, eyni zamanda kömək üçün NATO-ya müraciət edir. Ermənistan prezidentinin bu addımları Ermənistanın özünütəcrid siyasətini aydın göstərir”.

Ekspert bildirib ki, Ermənistan rəhbərliyi bütün dünyaya həm KTMT-də, həm də NATO-da iştirak etdiklərini göstərmək istəyir, bu isə Yerevanın diplomatik həmləsinin daha bir mənasız cəhdidir:

“Ermənistanın əsas məqsədi Azərbaycan və onun xalqı haqqında dezinformasiya və böhtan yaymaqdır. Ermənistan Azərbaycanın suveren ərazilərində hərbi toqquşmalarda, Azərbaycan dinc sakinlərinə, o cümlədən qadın və uşaqlara hücumlarda KTMT-nin dəstəyinə malik deyil. NATO-nun isə Ermənistanın müdafiəsi üçün münaqişəyə müdaxilə etməyə heç bir hüquqi əsası yoxdur”.