Kürdəmirdə Psixiatriya xəstəxanası bağlandı: rayon qarışdı

5 İyun 2013 19:56 (UTC+04:00)


Kürdəmir rayonunun Mollakənd kəndində fəaliyyət göstərən Kürdəmir Rayonlararası Psixiatriya xəstəxanasının bağlanması barədə Səhiyyə Nazirliyinin müvafiq qərarı, tibb müəssisənin işçiləri və orada müalicə alan xəstələrin etirazına səbəb olub. 32 ildir fəaliyyət göstərən Psixiatriya xəstəxanasının bu həftə sonuna qədər bağlanması nəzərdə tutulub.

Xəstəxananın işçiləri onu da bildirdilər ki, bu tibb müəssisəsi bağlansa da onlara rayonun müxtəlif xəstəxanalarında işlə təmin olunacaqları yönündə söz verilib. Ancaq edilən bu təklif tibb işçilərini qane etmir. Çünki şəhər mərkəzi ilə kəndin ara məsafəsi 27 kmdir. Bu da əlavə xərc tələb edir.

Məsələyə aydınlıq gətirmək üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yollandıq. Xəstəxananın baş həkimi Nizami Feyzullayev xatırlatdı ki, standartlara cavab verməyən xəstəxananın bağlanması barədə Səhiyyə Nazirliyi tərəfindən 2013-ci ildə müvafiq qərar qəbul edilib.

Xəstəxananın baş həkimi, Nizami Feyzullayev: "Kürdəmir rayonu Mollakənd ərazisində yerləşən, Kürdəmir Rayon Psixiatriya xəstəxanasının binasının tam yararsız olması ilə əlaqəli olaraq, Respublikanın Baş dövlət sanitariya inistitunun həkim müavininin 20 dekabr 2012 ci il tarixli qərarı olub. Eyni zamanda Respublika əmlak məsələləri dövlət komitəsinin 18 fevral 2013 cu il tarixli məktubunu nəzərə alaraq. Bizim nazirlik tərəfindən 10 may 2013 cu il tarixdə Kürdəmir Rayonlararası Psixiatriya xəstəxanasının ləğv edilməsi barəsində 39 nömrəli əmri olub. Bütün yuxarıda deyilənləri nəzərə alaraq xəstəxananın ləğv edilməsi barədə qərar çıxarılıb".

Baş həkimin sözlərinə görə xəstəxananın yerləşdiyi bina əvvəllər Kəşfiyyat Qazma İdarəsinin yataqxanası kimi fəaliyyət göstərib. Xəstəxana 1981-ci ildə həmin uyğunlaşdırılmış binaya köçürülüb. Uyğunlaşdırılmış binada yerləşən xəstəxanada hazırda xəstələrin müayinə və müalicəsi üçün lazımı şəraiti yoxdur. Eyni zamanda binanın köhnəliyi və xəstələrin azlığı səbəbindən xəstəxanın fəaliyyəti dayandırılıb. Cənab Feyzullayev onu da əlavə etdi ki, Səhiyyə müəssisəsinin 14 orta tibb işçisi yaxın vaxtlarda, 40-a yaxın kiçik tibb işçisi isə mərhələli şəkildə rayonun müxtəlif səhiyyə müəssisələrində işlə təmin olunacaq. Xəstəxanada müalicə olunan 35 xəstə isə valideyn və yaxınlarının razılığı ilə Maştağa Ruhi Əsəb Xəstəxanasına yerləşdiriləcək.

Qeyd edək ki, 1.3 hektar ərazisi olan xəstəxanın qadın və kişilər üçün nəzərdə tutulan 8 korpusundan ikisi fəaliyyət göstərir. Xəstəxanın bu həftə sonuna qədər boşaldılması nəzərdə tutulur.




AzNews.az