"Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, torpağımızdan dərhal rədd olsun"

26 Oktyabr 2020 15:30 (UTC+04:00)

"Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm. Müntəzəm olaraq xalqa bütün məsələlərlə bağlı hesabat vermişəm. Bu gün də məlumat verirəm. Nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya".

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqa müraciətində söyləyib.

Dövlətimizin başçısı Ermənistanın havadarlarına səslənərək deyib: “Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun. Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik”.

Azərbaycan Prezidenti qeyd edib ki, münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər mövcuddur.

“BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni, bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, onları qovaq, bizim torpaqlarımızdan rədd edək. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişlər. Orada qəbul edilmiş sənəd, görünür ki, onları qane etmədi. Bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük. Dərhal hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkəsi digər BMT Təhlükəsizlik Şurasına üzv ölkələrə böyük təzyiqlər edirdi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.