Baharı itirmək

6 İyun 2013 08:34 (UTC+04:00)


Bibər qazından gözləri yaşarmış, dörd bir yanı dumana bürünmüş Türkiyə heç nə görmür. Amma biz ki, zehni ayıq və gözü açığıq. Nə baş verdiyini və baş verənlərin nəylə bitəcəyini anlamaq gücümüz tükənməyib.
Hə, əfəndim, görünən kəndə nə bələdçi: dinsiz-dinçi, kamalist-fundamentalist bir-birinə girib; ilk yumruğu kim atdı, ilk qaz balonunu kim sıxdı, – önəmli deyil.

Mühüm olan Şərə qənşər durmaqdır, Xeyrə çiyin söykəməkdir. Mən belə düşünürəm. Mən atalarımız kimi düşünürəm: su qabda qaldıqca iylənər. 11 ildir iqtidar zirvəsində olan AKP 50%-lik üstünlüyünü tükəndirə-tükəndirə sıfır nöqtəsinə doğru yuvarlanır. Məntiqlidirmi? Məntiqlidir. Bəli, kimsəylə bölüşmədiyin hakimiyyəti, daha doğrusu, təkhakimiyyətliyi bir gün altından palaz kimi elə çəkirlər ki, çoxdan, lap çoxdan nəm döşəmə üstündə oturduğunu belə böyrəklərin artıq sıradan çıxdıqda, iyləndiyinin fərqinə vardıqda anlayırsan.

AK Partinin hansı mühitdə və necə iqtidara yiyələndiyi də yaxşı yadımdadır. Türkiyədə olsaydım, 2000-nin əvvəllərində mən də AK Partiyə səs verərdim. Amma bu addım yalnız iki pislikdən birini seçmək anlamı verməlidir. Çünki o zaman kəsimində AK Parti bir yığın kamalist demaqoqla müqayisədə düzgün seçim idi. Amma bu gün o seçimin özü belə yoxdur. Kimi seçəsən, kimə dəstək verəsən?

Kılıcdaroğlunamı, ya Baxçalıyamı? Solçuyamı, sağçıyamı? Axı heç kim dəyişməyib. Şüurca, kafaca, Anadolu türkləri demiş...

AK Partinin bir Qərb projesi olması öncədən bilinmirdimi? Bilinirdi. Eyni təyyarədə uçarkən rəhmətlik Nəcməddin Ərbakana əl uzatmayan Rəcəb Ərdoğanı gördüyüm andan əvvəl də bu düşüncəyə sahib idim. Amma Xocasının-Ustadının əlini öpməkdən vaz keçdiyi andan bu harizmatik liderin bir gün özü söylədiyini yalnız özü eşidən bir avtoritar baş nazir olacağını daha qəti şəkildə anladım. Ogünkü anlaqlığımın bu gün əyani isbatını Türkiyənin dörd bir yanında görürəm. Necə görməyim? Gözümə bibər qazı sıxan yoxdu axı...

Özü-özlüyündə mən dinçi kəsimin tərəfindəyəm. Amma Suriyada bir qrup küçə uşağını müxalifət adıyla silahlandırdığı gündən mən Türkiyədə AK Parti tərəfdarı olan dinçinin dininə şübhə edirəm. Hətta Fətullah Gülən də bu fikirdədir, zənnimcə. Başqa cür ola da bilməz axı. Axirəz-zaman hədislərini bilən hər kəs Əsəd rejiminin əleyhinə deyil, onun yanında olmalıdır. Əks halda Dəccalın uşaqlarındansan, Şərin himayəçisisən. Bu mənada AK Parti bu gün dinçinin yox, dinsizin siyasi qurumudur.
Fətullah Gülənin son moizəsini dinlədinizmi? Eyhamla Ərdoğanı pislədi. Bu artıq Türkiyədə "camaat" deyilən kəsimin ciddi parçalanmasının göstəricisidir.

"Baharı qışa çevirmək istəyirlər" – bunu Ərdoğan dedi. Yox, baş nazir mövsümlərin ardıcıllığını aydın şəkildə səhv salır. Türkiyə indi qızmar yayını yaşayır. Və bu qızmar yay tezliklə siyasi payızla əvəz olunacaq. Onda hakimiyyət ağacından aşağı yuvarlanaraq ayaq altda xışıldayan xəzələ tamaşa edəcəyik. Günəşin yandırdığı yaşıl, yamyaşıl siyasi yarpaqlıarın niyə belə qəfil və qısa müddətdə yanıb çürüməsini Türkiyənin dörd bir yanı görəcək. Elə Azərbaycan da. Axı biz zehni ayıq və gözü açığıq. Nə baş verdiyini və baş verənlərin nəylə bitəcəyini anlamaq gücümüz tükənməyib...

AzNews.az