Putinin hədiyyəsinin təqdimetmə mərasimi keçirildi

6 İyun 2013 08:44 (UTC+04:00)
Rusiya prezidentinin muzeyə göndərdiyi hədiyyənin təqdimetmə mərasimi keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Rusiya Prezidenti Vladimir Putinin muzeyə göndərdiyi xatirə hədiyyəsinin təntənəli təqdimetmə mərasimi keçirilib.

AzNews.az akademiyanın saytına istinadən xəbər verir ki, hədiyyə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tərəfindən təqdim olunub. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı Rusiya Prezidentinin xatirə hədiyyəsinin muzeyin həyatında çox mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, bu hadisə ölkələrimiz arasında olan milli, mədəni, tarixi əlaqələri daha da genişləndirəcək.

Daha sonra Rusiyanın ölkəmizdəki səfiri V.Doroxin 2009-cu ildə Azərbaycanda səfir kimi fəaliyyətə başladığı ilk vaxtlarda Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etdiyini bildirərək muzeyin günü-gündən inkişaf etdiyini vurğulayıb. Səfir bu hədiyyənin Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsinin rəmzi olduğunu bildirib.

2012-ci ildə Rusiyada yüksək səviyyədə qeyd edilən 1812-ci il Vətən müharibəsində qələbənin 200 illik yubileyi haqqında da məlumat verən V.Doroxin yubiley tədbirləri çərçivəsində Rusiyada xüsusi olaraq xatirə medalı kolleksiyasının hazırlandığını söyləyib: "Kolleksiya "1812-ci il Vətən müharibəsinin 200 illiyinə xatirə", Fyodr Tolstoyun 1812-ci il Vətən müharibəsinə həsr etdiyi tarixi seriyadan (1814-1836) olan 20 medalın surətindən ibarətdir".

Sonda qonaqlar muzeyin tarixi eksponatları ilə tanış olublar.

AzNews.az