Peskov Rusiya sülhməramlıları ilə bağlı sualı cavabladı

30 Oktyabr 2020 15:17 (UTC+04:00)

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Dağlıq Qarabağdakı münaqişənin həlli ilə bağlı geniş mövzuları müzakirə edir”.

AzNews.az-ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Dağlıq Qarabağda Rusiya sülhməramlılarının iştirakını istəyən Ermənistan baş naziri Nikol Paşinyanın sözlərini şərh edərək, istənilən sülhməramlıların münaqişə bölgəsinə yalnız hər iki tərəfin razılığı ilə gətirildiyini bildirib.

Rusiyanın sülhməramlılarını münaqişə zonasına Azərbaycanın razılığı ilə göndərməyə hazır olub-olmadığını sualına cavabında isə qeyd edib: “İndi burada bəzi son mülahizələrə əsaslanmaq istəməzdim”.

Peskov Rusiya dövlət başçısının Azərbaycan və Ermənistan liderləri ilə Dağlıq Qarabağda Rusiya sülhməramlı missiyasının yaradılmasının mümkünlüyünü müzakirə edib-etmədiyi sualına cavabında qeyd edib:

“Prezident (Vladimir Putin – red.) Bakı və İrəvandakı həmkarları ilə danışıqlarında mümkün həll yolu ilə əlaqəli ən geniş aspektlərə toxunur”.