Dövlət qulluğuna qəbul imtahanları başladı

6 İyun 2013 09:09 (UTC+04:00)
Bu gündən Azərbaycanda vakant dövlət qulluğuna qəbulla bağlı test imtahanları başlayıb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, 16 aprel, 1 və 7 may tarixlərində 94 dövlət orqanında inzibati vəzifələrin beşinci–yeddinci təsnifatlarına uyğun olan 1005 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib. İndiyə kimi qeydiyyatdan 5446 namizəd keçib.

Ən çox namizəd qeydə alınan dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (502 nəfər), Əmlak Məsələləri Dövlət Komitəsi (446 nəfər), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (429 nəfər), Təhsil Nazirliyi (394 nəfər), İqtisadi İnkişaf Nazirliyi (324 nəfər) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (390 nəfər) olub.

Müsabiqənin test imtahanı iyunun 6-dan ilk olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası üzrə başlayacaq. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatı üzrə nəzərdə tutulub.

Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan sonra qısa müddət ərzində namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.

AzNews.az