Prezident İlham Əliyev və Şanlı Ordumuz gözümüzün önündə əsl qəhrəmanlıq tarixi yaratdı!

10 Noyabr 2020 13:46 (UTC+04:00)

Dəyərli səhifə izləyiciləri, əziz soydaşlar. Bu gün hər bir azərbaycanlı kimi, mənalı həyatının düz 30 ilini öz dövlətinin qurulması və inkişafına sərf etmiş keçmiş məmur kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. 27 sentyabr 2020-ci ildə başlanmış ikinci Qarabağ müharibəsi 10 noyabr tarixində Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. İşğalçı Ermənistan dövləti və Paşinyan rejimi kapitulyasiyaya məcbur edilmiş, bununla bağlı Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Birgə Bəyənatı imzalanmışdır.

İkinci Qarabağ müharibəsi son əlli illik zaman kəsiyində “dünyanın ən qısamüddətli, lakin çox effektli müharibə nümunəsi” kimi zaman-zaman ən samballı hərbi-siyasi tarix kitablarına daxil ediləcək...
Bu müharibə nəticəsində Azərbaycan dövləti on illərdir ki, beynəlxalq qurumların- BMT, ATƏT və s. kimi təşkilatların “sülhyaratma dəhlizləri”ndə düyünə salınmış, “həlli çox çətin olan münaqişələr” siyahısına daxil edilmiş Dağlıq Qarabağ problemini öz gücü ilə, xarici aləmdən heç bir dəstək almadan həll etdi. 30 ilə yaxın bir müddətdə erməni işğalı altında inləyən tarixi torpaqlarımızı, yaşayış məskənlərimizi özümüzə qaytardı. Yüz minlərlə yurd-yuvasından didərgin salınmış vətəndaşımızın o yerlərə qayıtmasına şərait yaratdı.
İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qətiyyətini, lazımi anda öz dövləti və Milli Lideri ətrafında birləşə bilmək əzmini nümayiş etdirdi. Bu gün tam məsuliyyətlə və qürur hissi ilə söyləmək olar ki, Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı- Prezident İlham Əliyevin erməni işğalçılarına qarşı Qarabağda 40 gün müddətində həyata keçirdiyi VƏTƏN MÜHARİBƏSİ gələcəkdə dünyanın əksər hərbi səlnamə kitablarına daxil ediləcəkdir!
Bu şanlı qələbə münasibətilə bütün XALQIMIZI və qəlbi Azərbaycanla döyünən xaricdəki soydaşlarımızı, ŞANLI ORDUMUZUN əsgər və zabitlərini və MÜZƏFFƏR ALI BAŞ KOMNDANIMIZI- PREZİDENT İLHAM ƏLİYEVİ, möhtəşəm qələbənin təmin olunmasında əməyi keçən bütün dövlət qulluqçularını və hər bir vətəndaşımızı ürəkdən təbrik edirəm!
Ayrıca bu qələbənin təmin olunmasında Azərbaycana göstərdikləri hərtərəfli dəstəyə görə qardaş Türkiyə dövləti və türk xalqına, Türkiyənin MİLLİ LİDERİ, hörmətli Prezident Rəcəp Tayyip Ərdoğana və bu ölkənin əksər içtimai-siyasi təşkilatlarına xüsusi təşəkkürümü ifadə edirəm, birgə qələbəmizə görə onları da ürəkdən təbrik edirəm!
Dünəndən başlayaraq bütün xalqımız böyük qələbəni bayram edir, qələbə münasibətilə xüsusi qürur və sevinc hissləri keçirir! Əlbəttə, xalqımız üçün həqiqi qürurverici bir hadisə baş verib- Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə yeni bir əzəmətli səhifə əlavə olunub, Qarabağ çoxillik işğaldan tam azad edilib və Dağlıq Qarabağ münaqişəsi sona çatıb! Xalqımızın İllərdir ki, davam edən torpaq itkisinə, doğma ocaq nisgilinə, insanların əzab-əziyyətinə, qaçqın və köçkün vətəndaşlarımızın yurd həsrətinə son qoyulub, 30 ildir ki, Qarabağ torpaqlarında pozulmuş tarixi ədalət bərpa olunub! Bundan böyük və bundan daha sevincli hadisə Azərbaycan üçün nə ola bilər ki?! Azərbaycan xalqının, Vətən müharibəsində xüsusi qəhrəmanlıq və rəşadət nümunələri sərgiləmiş əsgər və zabitlərimizin son Qarabağ müharibəsində ortaya qoyduğu qəhrəmanlıq və igidlik nümunəsi həqiqətən möhtəşəm idi və bunun sevincini yaşamamaq, qürur hissini keçirməmək mümkün deyil axı! Bu hadisə bizim üçün milli rəşadət nümunəsidir və Azərbaycan tarixinə mütləq şəkildə əbədi həkk olacaq, hər bir azərbaycanlının milli yaddaşında silinməz iz buraxacaq! Torpaqlarımızın belə qısa zamanda -“bir göz qırpımı”nda azad edilməsi xalqımızın sarsılmaz birliyinim, qəhrəman və yenilməz Ordumuzun, rəşadətli əsgərlərimizin qətiyyətli döyüş iradəsi və qələbə əzminin nəticəsi idi!
Bütün Azərbaycan xalqının bu günkü möhtəşəm qələbə sevincini paylaşaraq, ilk növbədə bu qələbəni öz həyatları bahasına bizə bəxş etmiş, torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə öz canlarını qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların doğmalarına və bütün xalqımıza dərin hüznlə başsağlığı verirəm! Qoy məzarları nurlu olsun şəhidlərimizin!
İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, Azərbaycan dövlətinin, xalqının və Prezident İlham Əliyevin əksər qələbələrinin və uğurlarının təməlində ümumxalq iradəsi və iqtidar-xalq birliyi dayanır. 17 il çiyin-çiyinə çalışdığım illərdəki müşahidələrimə söykənərək qeyd etmək istəyirəm ki, İlham Əliyev keçən dövrdə ən çətin məqamlarda, ciddi milli iradə nümayiş etdirmək anı gələndə həmişə öz doğma xalqına güvənmiş və milli iradyə söykənmişdir. Dövlət başçısı və Ali Baş Komandan kimi onun ikinci Qarabağ müharibəsindəki xüsusi cəsarətinin və yenilməz qələbəsinin təməlində də, əvvəlki dövrlərdə qazandığı bütün uğurlarlar kimi, məhz öz xalqına güvənməsi və milli iradəyə söykənməsi amili dayanmışdır. Prezident kimi İlham Əliyevin daim milli birlik və vətəndaş həmrəyliyi yaratması, bu birliyə söykənməsi, xalqının ciddi etimadına və inamına güvənməsi onun həm müstəqil siyasətinin, həm də bu yoldakı əksər uğurlarının qarantı olub.
Eşq olsun Müzəffər Ordumuz və Ali Baş Komandanımıza! Qoy xalqımızın birliyi, milli-vətəndaş həmrəyliyi və iqridar-xalq ittifaqı günü-gündən daha da möhkəmlənsin!
Yaşasın Azərbaycan xalqının vahid milli iradə daşıyıcısı və qürur mənbəyi Prezident İlham Əliyev! Qoy Uca Tanrı Sizi, Xalqımızı və Şanlı Ordumuzu qorusun, Cənab Prezident! Azərbaycan xalqının istək və arzuları, ellikcə duaları Sizinlə və qəhrəman əsgərlərimizlədir!
Qarabağ Azərbaycandır və həmişə də Azərbaycanın olacaq!

Əli Həsənov,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, tarix elmləri doktoru, professor