“Xalidə Xalid elmi işini davam etdirəcək“

6 İyun 2013 14:16 (UTC+04:00)
"Xalidə Xalid elmi işini davam etdirəcək. O, doktorantura işini yekunlaşdırmaq üzrədir. Təbii ki, Xalidə xanım elmi işini başa çatdırmalıdır".

Bunu Lent.az-a açıqlamasında AMEA-nın Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri Vaqif Arzumanlı bildirib.

V. Arzumanlı bundan sonra elmi işçilərin İrana səfər etməsi məsələsinə də aydınlıq gətirib: "Bizim əməkdaşlarımız çox nadir hallarda İrana səfər edir. İrandan bizə kitablar göndərirlər, biz onlara kitab göndəririk. Yəni rəsmi əlaqələrdən fərdi əlaqələr daha çoxdur. Təbii ki, bu da öz effektini vermir".

V. Arzumanlı onu da vurğulayıb ki, ictimai-humanitar sahələrdə çalışan alimlər, elmi işçilər ya AMEA-da, ya da hər hansı bir ali məktəbdə bir araya gəlməli və İranın bununla bağlı hərəkətlərinə cavab verməlidirlər: "İrana tərəfinə başa salmalıyıq ki, alimlərimiz İrana səfər etməklə həm güney ədəbiyyatımızla tanış olurlar, həm də İranın tarixini öyrənirlər. Əks-təbliğatla məşğul olanlar istisna olmaqla, bizim alimlərimiz, şairlərimiz İranda bu kimi problemlərlə üzləşməməlidirlər".

Ədəbiyyat İnstitutunun şöbə müdirinin sözlərinə görə, İranın müxtəlif ali məktəbləri ilə Azərbaycanın ali məktəbləri və Milli Elmlər Akademiyası arasında əlaqələr mövcuddur. "Mənə də bəzən İran tərəfindən təklif gəlir ki, kimisə dokturanturaya qəbul edin. Gərək bizim alimlərimizə, şairlərimizə də İranda bu cür münasibət bəslənsin"-deyə, V. Arzumanlı əlavə edib.

AzNews.az