15 noyabr 2020-ci il - Kəlbəcərin işğaldan azad olunduğu gün! - Əli Həsənov yazır

15 Noyabr 2020 14:00 (UTC+04:00)

Bir neçə gündür ki, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr 2020-ci ildə imzaladığı Birgə Bəyanata uyğun olaraq ermənilər işğal altındakı Kəlbəcər rayonunu boşaltmağa və qeyri-qanuni məskunlaşdıqları Azərbaycan ərazilərini tərk etməyə məcbur edilirlər.

Əraziləri və məskunlaşdıqları məkanları tərk etməzdən əvvəl indiyə qədər bütün dünyaya “az qala beş min il sivilizasiya tarixi olan və ən qədim mədəni xalq” kimi təqdim edilən vəhşi ermənilər Kəlbəcər ərazisində 30 ilə qədər yaşadıqları və bəhrələndikləri torpaqları viran qoydular, məskunlaşdıqları və uzun müddət istifadə etdikləri azərbaycanlılara məxsus evləri söküb dağıtdılar, qalıqlarına od vurdular, qədim yurdları və yaşayış məskənlərini, hətta məktəbləri viran qoydular, son detalına qədər sökərək, tikililərin fundamentinə od vurdular! Kölgəsində barındıqları, meyvələrini yedikləri bar ağaclarını kəsib doğrdılar, meşələri odladılar, su içdikləri bulaq və çeşmələri batırdılar, hərəkət etdikləri yolları və körpüləri dağıtdılar...

Dünən axşam bəzi televiziyalarda bununla bağlı nümayiş etdirilən kadrlar tarix boyu erməni xalqının alnına yapışdırılmış elə bir qara ləkədir ki, onu kimsə oradan təmizləyə bilməyəcək! Bir sözlə, gecə saat 00:00-a qədər rayonu tərk edən ermənilər qədim Kəlbəcərdən daşıya bildiklərini daşıdılar, vura bildikləri qədər ziyanı vurdular, hətta ölülərinin qəbirlərini belə torbalara dolduraraq özləri ilə apardılar. Amma bir dostumun söylədiyi kimi “nə torpağı aparmağı bacardılar, nə də Kəlbəcərin Azərbaycan ərazisi olduğu gerçəkliyini dəyişdirə bildilər. 28 il bundan əvvəl bu torpaqlara zorba ilə qədəm qoyan işğalçılar, bu gün yurdumuzdan torba ilə çıxarıldılar”!

Beləliklə, bu gündən Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad edilir!

PS: Son anda məlumat verildi ki, Rusiyanın xahişi ilə Kəlbəcərin tam təhfil-təslimi daha 10 gün uzadıldı. Eybi yox, 28 il gözlədiyimiz kimi, daha 10 gün də gözlərik!

Əli Həsənov,

Tarix elmləri doktoru, professor