İndiyədək 516 polis əməkdaşı xəstəxanaya yerləşdirildi - Türkiyədə

6 İyun 2013 20:35 (UTC+04:00)
Türkiyədə doqquz gün davam edən iğtişaşlar zamanı 915 nəfər mülki şəxs xəstəxanalara yerləşdirilib.


APA-nın "CNNTürk"ə istinadən verdiyi xəbərə görə, bunu bu gün Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bəyan edib. Onun sözlərinə görə, hal-hazırda 79 nəfər stasionar şəraitdə müalicəni davam etdirir, onlardan 8-i reanimasiya şöbəsindədir, 4 nəfərin isə vəziyyəti kritikdir.

Bundan əvvəl bildirilirdi ki, iğtişaşlar zamanı 516 nəfəri asayiş keşikçisi olmaqla, 3 mindən çox insan xəsarət alıb. Söhbət, hadisə yerində tibbi yardım almış və xəstəxanalara müraciət etməmiş şəxslər də daxil olmaqla bütün xəsarət alanlardan gedir.

M.Gülər həmçinin qeyd edib ki, iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği 70 milyon lirə (35 milyon AZN) təşkil edib. Nazir vurğulayıb ki, polisin həddindən artıq güc tətbiq etməsi ilə bağlı müşahidə kameralarının yazılarının araşdırılması davam etdirilir.

"Hücumlara, daş-qalaqlara baxmayaraq, bizim təhlükəsizlik qüvvələrimiz, onlara verilmiş səlahiyyətlər çərçivəsində öz vəzifələrinin icrasını davam edəcək. Demokratik şəraitdə keçirilən aksiyalarda təxribatçıların iştirakına yol vermək lazım deyil. Təxribatlara cavab olaraq bizim susacağımızdan söhbət belə gedə bilməz. Təhlükəsizliyi təmin etmək üçün bizim qanunla müəyyən olunmuş vəzifələrimiz var", deyə nazir qeyd edib.
M.Gülər qeyd edib ki, hər bir vətəndaş qanunun keşiyində durmalıdır və sosial şəbəkələrini təxribat məqsədləri üçün istifadə etməməlidir. "Tvitter" sosial şəbəkəsində iğtişaşlara çağıran onlarla vətəndaş saxlanılıb.

M.Gülər bildirib ki, polis İstanbul və Ankarada ölkəyə adi pasportla gəlmiş 7 xarici vətəndaşı saxlayıb. Onların arasında iki fransız, iki iranlı, ABŞ, Almaniya və Yunanıstan vətəndaşları var. Nazir qeyd edib ki, Türkiyə vətəndaşlarından hal-hazırda saxlanılan yoxdur, demək olar ki, hamısı sərbəst buraxılıb.

AzNews.az