"Bu bölgələr bizimdir, bu bölgələr bizim tarixi ərazilərimizdir" - Politoloq Qarabağ səfərini şərh edir

18 Noyabr 2020 17:00 (UTC+04:00)

“Prezidentin bölgəyə səfəri onu göstərir ki, həm qalib ölkənin rəhbəridir, həm ali baş komandandır".

AzNews.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın Qarabağ səfərini şərh edərkən deyib:

"Artıq Azərbaycanın hərbi, diplomatik gündəliyində ermənilərin çox istifadə etdiyi “Nagorno Karabakh” ifadəsi çıxır və ərazi bütövlüyü təmin olunmuş Azərbaycan gündəmə gəlir. Daha önəmli məqam ondan ibarətdir ki, bu səfər işğaldan azad olunmuş cənub zonası istiqamətində baş tutub. Orada cənab prezidentin Xudafərin körpüsünə yanaşması, Araz çayı ilə təmasda olması-bütövlükdə bu kodlar Azərbaycan xalqı üçün həm ayrılıq rəmzi, həm də bütövlük rəmzidir.

Burada Güney Azərbaycan məsələsi var, Azərbaycanın haqlı savaşı var. Bu konteksdən götürəndə çox böyük bir addımdır. Dünyanın hazırda bizim də üzərimizə gəldiyi zamandan keçdik. Xüsusilə də qətiyyətli xarici siyasəti davam etdirməyə böyük ehtiyac var idi. Bu da onun bir hissəsidir ki, bu bölgələr bizimdir, bu bölgələr bizim tarixi ərazilərimizdir".

Onun sözlərinə görə, prezidentin eyni zamanda artıq ölkə rəhbəri kimi, həm də mülki şəxs kimi bölgəyə səfəri yeni əməkdaşlıq perspektivlərinin də ortaya qoyulmasına və bunu İrana təklif edirmiş kimi görünməsi istiqamətində də çox vacib addımdır: "Çünki həqiqətən də Arazboyu ərazilərin inkişafında qonşu ölkənin də potensial imkanlarından geniş şəkildə yararlanmaq lazımdır. Qarabağ savaşının başqa bir mərhələsi başlayıb. İndi beynəlxalq aləmdə Dağlıq Qarabağın, qondarma rejimin müstəqil respublika kimi tanınması ilə bağlı erməni lobbisi böyük işlər həyata keçirir. Amma Azərbaycan tərəfi bu addımlarla “bura artıq bizimdir” mesajı verməklə, bütövlükdə o torpaqlarda varlığını göstərməklə deyir ki, məsələlər artıq gündəlikdən çıxıb.

Məncə, dünya da, beynəlxalq aləm də Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir. İşğal altından azad olunmuş ərazilərin inkişafı ilə bağlı, oradakı təbii sərvətlərin istifadə olunması ilə bağlı beynəlxalq şirkətlər ora gəlməlidir. Yəni, artıq proseslər bizim nöqteyi-nəzərimizdən möhkəmlənmə, buranın sahibi olma və inkişafı ilə bağlı əməkdaşlıq təklifi kimi nəzərdən keçirilir”.

Səidə

AzNews.az