Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilməli olan, lakin koronavirusa görə təxirə salınan Rumıniya – Norveç matçı ilə bağlı yekun qərar açıqlanıb.
AzNews.az xəbər verir ki, UEFA səfər matçına yollanmayan Norveç yığmasına texniki məğlubiyyət verib.
Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. UEFA Norveç Futbol Assosiasiyasına 5 gün vaxt da verib. Təşkilat qarşılaşmada iştirakdan imtinanın əsaslı səbəbini Avropa futbol qurumuna bildirməlidir. Norveç tərəfi daha sonra apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, Norveç Səhiyyə Nazirliyi milli komandanın səfərə çıxmasına icazə verməmişdi. Buna yığmanın heyətində bəzi futbolçuların koronavirus testinin müsbət çıxması səbəb göstərilmişdi.