Dövlət Yol Polisindən sürücülərə müraciət

7 İyun 2013 08:39 (UTC+04:00)
Bakıda daha bir yolda təmir işləri başladığı üçün sürücülərin alternativ yollardan istifadə etməsi tövsiyə edilib.

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov trendə bildirib ki, paytaxtın Tbilisi prospektində İnqilab küçəsi kəsişməsindən İzmir küçəsi kəsişməsinədək yeni asfalt örtüyünün çəkilməsinə başlanılıb.

Paytaxtın "20 yanvar" dairəsindən şəhər istiqamətində yolun sağ hərəkət istiqaməti üzrə nəqliyyat sıxlığının, tıxacların, yol-qəza hadisələrinin baş verməməsi üçün bildirilir ki, Sumqayıt istiqamətindən şəhərə hərəkət edərkən avtovağzalın inzibati binası yanından üçüncü kəmər dairəvi yol ilə Badamdar qəsəbəsi və digər istiqamətlər üzrə, yaxud paytaxtın Tbilisi prospektindən Nəqliyyat Nazirliyinin inzibatı binası yanından kəsişdiyi hissədən Qəbələ meydanı, Həsənbəy Zərdabi küçəsi kəsişməsindən Yasamal və digər istiqamətlərə, həmçinin Şəfaət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Yasamal və digər istiqamətlərə alternativ yol kimi istifadə edilməsi məsləhət görülür.

V.Əsədovun sözlərinə görə, Tbilisi prospektində qısa müddət ərzində təmir-tikinti işləri başa çatacaq. Bu işlər başa çatana qədər sürücülərin alternativ yollarla hərəkət etmələri tövsiyə edilir.

AzNews.az