"Prezidentin bu sözləri kifayət qədər ciddi ismarıc idi"

24 Noyabr 2020 15:45 (UTC+04:00)

“Prezident Azərbaycanın növbəti işğaldan azad olunmuş rayonuna birinci xanım Mehriban Əliyeva ilə gedərək o torpaqda da bayrağımızı qaldırdı. Ali Baş Komandan qalibiyyətimizin əsas səbəbkarıdır”.

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Zaur Məmmədov prezident İlham Əliyevin işğaldan azad olunmuş Ağdam şəhərinə səfərini şərh edərkən deyib.

“Bildiyimiz kimi, 300 ilə yaxındır ki, Azərbaycan böyük qələbələrə həsrət idi və nəhayət biz bu gün tarix yazırıq. Bununla Azərbaycan nəin ki, öz tarixini yazır, həmçinin Cənubi Qafqazın 1828-ci ildən indiyə qədər oturuşmuş geokonfuqirasiya sistemini yerlə yeksan edərək, dövlət maraqlarının öndə gedəcəyi və artıq erməni məsələsinin bir daha bölgədə təzahür etməyəcəyi yeni sistem qurur.

Biz təbii ki, Ağdam səfərində prezidentin Köçəryan və Sarkisyana dediklərini də unutmamalıyıq. O, açıq şəkildə onlara “siz qorxaqsınız, siz cəsarətsizsiniz, siz gizlənməyə siçan dəliyi axtarırdınız” dedi.

Doğrudan da Köçəryan və Sarkisyan Birinci Qarabağ savaşında hazırlıqlı olmayan Azərbaycanın mülki əhalisinə qarşı faktiki olaraq birtərəfli müharibə elan etmişdirlər, onların qarşısında ermənilər yaxşı hazırlanmış və planlı şəkildə Qarabağıın dinc əhalisini müharibəyə qərq etdilər. Onların qarşısında faktiki olaraq ordu yox idi, amma bu gün ordu var.

Bu gün Sarkisyan və Köçəryan qarşısında müzəffər, rəşadətli Azərbaycan ordusu var. Əgər onlar elə cəsarətli idilərsə, o zaman buyurub Azərbaycan ordusu ilə döyüşərdilər. Təbii ki, cəsarətləri çatmadı”, - Z. Məmmədov bildirib.

Politoloq qeyd etdi ki, Birinci Qarabağ döyüşündə medallar almış və sinələri ordenlərlə dolu olan erməni zabitləri, erməni siyasətçiləri İkinci Qarabağ savaşında yox idilər:

“Çünki bu bir daha ermənilərin hansı xislətə və xüsusiyyətə sahib olduğunun nümunəsidir. Cənab prezident də bunu xüsusi olaraq vurğuladı. Eyni zamanda prezident öz çıxışında məscid və kilsə məsələlərinə də toxundu. Haqlı olaraq bütün dünyaya ismarıc verdi ki, “Baxın mən Ağdamdayam, baxın mən Ağdam məscidindəyəm! Demək olar ki, tikilmiş məsciddən əsər-əlamət yoxdu, əgər siz dünyada haqq-ədaləti qoruyansınızsa, beynəlxalq hüququ qoruyansınızsa, buyurun deyin, ermənilərin Ağdamda məscidi yerlə-yeksan etməsinə susmayın, danışın!”

Prezidentin bu sözləri kifayət qədər ciddi ismarıc idi. Hər zamankı kimi İlham Əliyev öz çıxışı ilə bütün dünyanın qarşısına elə suallar qoydu ki, onlar o suallara cavab tapa bilməyəcəklər. Ədalətsiz dünyanın necə ədalətsiz olduğunu onlara sübut etdi”.

Səidə

AzNews.az