Köməkçisi Putinin peyvənd olunmamasına belə aydınlıq gətirdi

25 Noyabr 2020 19:21 (UTC+04:00)

Prezident Vladimir Putinin Rusiya istehsalı “Sputnik V” vaksinindən istifadə edib-etmədiyi gündəmə gəlib.

AzNews.az xəbər verir ki, müzakirələr ölkə liderinin peyvəndin təhlükəsiz olması barədə verdiyi açıqlamasından sonra başlayıb.

Kremlin sözçüsü Dmitri Peskov mövzu barədə KİV-ə açıqlama verib:

“Bizdə hələ kütləvi peyvəndləmə başlamayıb. Əlbəttə ki, dövlət başçısı peyvəndləmədə könüllü kimi iştirak edə bilməz. Prezident sertifikat almamış peyvəndi istifadə edə bilməz. İndi bütün prosedurlar bitəcək. Sonra əgər o lazım bilsə, bu haqda məlumat verəcək”.

Xatırladaq ki, Vladimir Putin bu ilin avqustunda ölkədə istehsal olunan koronavirus infeksiyasına qarşı vaksinin dünyada rəsmi olaraq qeydiyyatdan keçən ilk peyvənd olduğunu açıqlamış, üstəlik qızlarından birinin də peyvənd etdirdiyini bildirmişdi.