Maradona dünyasını dəyişdi

25 Noyabr 2020 22:24 (UTC+04:00)

Dünya futbol tarixinin əfsanəsi Dieqo Armando Maradona 60 yaşında dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, beyninə qan sızdığı üçün xəstəxanaya yerləşdirilən futbolçu bu ay evə buraxılmışdı.

Qeyd edək ki, Maradona 1960-cı ildə Argentinanın Villa Fiorito şəhərində anadan olub. O, 1982-ci ildə o dövr üçün rekord məbləğə – 4 milyon dollara İspaniya "Barselona"sına transfer olub. İki il sonra İtaliya "Napoli"sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əllə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə İtaliya çempionatı matçından sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb. İki il sonra İspaniya "Sevilya"sına transfer olan futbolçu 1994-cü il dünya çempionatında forma geyib. Lakin onun yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi ortaya çıxdığından, 15 aylıq diskvalifikasiya olunaraq, yarışdan kənarlaşdırılıb.

Cəzalı olduğu müddətdə o, vətənində "Deportivo Mandiyu" və "Rasinq" klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə o, "Boka Xuniors"a qayıdıb. Lakin kokain aludəçiliyindən qurtula bilməməsi üzündən 1997-ci ildə futbolçu karyerasını başa vurub.

Bizi Twitterdə izləyin