“Milli Şuranın heç bir perspektivi yoxdur“

7 İyun 2013 11:07 (UTC+04:00)
"Bəzi müxalifətdə olan şəxslərin cəmləşdiyi və bu gün təsis edilən Milli Şura adı milli olsa da, anti-milli Şuradır".

Bunu apa-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Milli Şurada toplaşanlar bütün partiyaları dəyişmiş, gündə bir təşkilatda olan anti-milli üzvlərdir: "İstəyir təsis olunsun, istəyir təsis olunmasın - bu Milli Şuranın heç bir perspektivi yoxdur. Onlar gündə bir partiya gəzən adamlardır, bu xalq üçün onların heç bir perspektivi yoxdur".

Qeyd edək ki, bu gün müxalifətdə olan bir qrup şəxs Demokratik Qüvvələrin Milli Şurası adlı qurum təsis edib. Kinodramaturq Rüstəm İbrahimbəyov təşkilata sədr seçilib. Milli Şuranın 129 nəfərlik siyahısı da təsdiqlənib.

AzNews.az