İnəyi polis saxladı - SİYƏZƏNDƏ

7 İyun 2013 11:43 (UTC+04:00)


Siyəzən rayonunda maraqlı hadisə baş verib. Belə ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları sahibsizi inəyi "həbs edib". AzNews.az-ın əldə etdiyi məlumata görə, saxlanılan inək Rüstəm Rəşidov adlı rayon sakininə aid olub.

İnək sahibi Rüstəm Rəşidovun sözlərinə görə, inək şöbənin qabağında yenicə əkilmiş bahalı dekorativ ağacları yeyib, RPŞ-nin rəisi isə bunları görüb və dərhal inəyi şöbəyə saldırıb:

"İnəyi axtarırdım. Görənlər mənə dedilər ki, heyvan Siyəzən Polis şöbəsində, içərdədir. Mən dostumdan xahiş etdim ki, mənə kömək etsin, inəyimi şöbədən çıxarım. Dostuma dedilər ki, heyvanın şöbədən çıxarılması inəyin sahibi tapıldıqdan sonra mümkün olacaq. Özü də elə-belə yox. Müstəntiq dedi ki, inək haqqında protokol yazılıb, buna görə cərimə ödəməliyəm. Həmin cəriməni ödəyəndən sonra inəyi bir daha özbaşına buraxmamaq şərti ilə buraxacaqlarını söylədilər. Dedilər ki, həmin ağacların gətirilməsi üçün külli miqdarda vəsait xərclənib, ağaclar inəklərin yeməsi üçün deyil".

RPŞ-nin müstəntiqi Xaləddin Fətəliyev inəyin "saxlanması" faktını təsdiqləyib. Onun sözlərinə görə, inək bahalı ağacları yeyib: "Bu cür hallarda heyvanı özbaşına buraxan şəxs dəyən ziyanı ödəyir. Cəza dəyən zərərin miqdarına uyğun olaraq müəyyən edilir. Yəni, vətəndaş mülki məsuliyyət daşıyır və ziyanım həcmindən asılı olaraq cərimə də təyin olunur. Sözügedən faktla bağlı vətəndaşa xəbərdarlıq olunub".

Ruhiyyə
Aznews.az