Dağ yəhudiləri dini icmasının sədrinə “Şöhrət” ordeni verildi

7 İyun 2013 12:50 (UTC+04:00)
Prezident İlham Əliyevin Sərəncamı ilə Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) "Qafqazinfo"ya daxil olan məlumata görə, bu gün Komitədə ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Boris Simanduyevə "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Təqdimat mərasimində çıxış edən DQİDK sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə yaşadığı məkandır: "Tarixin bütün dövrlərində Azərbaycanda dinlərarası heç bir problem yaşanmamışdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilməsi bir daha sübut edir ki, ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq bütün insanlar üçün bərabər şərait mövcuddur".

Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev isə çıxışında Prezident İlham Əliyevin bu Sərəncamını yüksək qiymətləndirib və təşəkkür edib. Bildirib ki, bu mükafat təkcə ona deyil, bütün Qırmızı qəsəbə Dağ yəhudilərinə verilən qiymətdir.

Qeyd edək ki, "Şöhrət" ordenini Boris Simanduyevə komitə sədri Elşad İskəndərov təqdim edib.

AzNews.az