"Məktəblərdə dərs yoxdur və bu alətləri aztəminatlı ailələrə vermək olmazmı?" -ekspertdən təklif

3 Dekabr 2020 12:31 (UTC+04:00)

“Bakı şəhərində 440 min, Sumqayıt şəhərində 58 min, Abşeron rayonunda 45 min şagird təhsil alır ki, bu da üç ərazidə cəmi yarım milyondan çox (təxminən 543 min) şagirdin təhsil alması deməkdir. Onlarla ümumilikdə 40 minə yaxın müəllimin çalışdığını nəzərə alsaq, bu 600 min şəxsin aktiv tədris prosesinin iştirakçıları olduğu deməkdir”.

AzNews.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov onlayn dərslərdən danışan zaman deyib.

Ekspert bildirib ki, Təhsil naziri Emin Əmrullayevin dediyinə görə, onların 75 faizi onlayn dərslərə qoşulub:

“Bu axı 450 min alət (kompüter, planşet, telefon) deməkdir. Həqiqətənmi bu qədər alət bu ərazilərdə var? Elektron portaldan qeydiyyatdan keçmə ondan daimi istifadə etmək demək deyil.

İkincisi, hər il orta məktəblərə, təhsil müəssisələrinə azı 6000 ədəd kompüter, 3000 ədəd noutbuk verilir ki, bu da 100 mindən çox internetə çıxış aləti deməkdir. Bir neçə il əvvəl hər 20 şagirdə 1 kompüter var idi, sonradan bu rəqəm daha da az oldu.

Hazırda məktəblərdə dərs yoxdur və bu alətləri aztəminatlı ailələrə vermək olmazmı? Yoxsa, bəzi direktorlar onları artıq özününküləşdirməyə nail olub və ya Təhsil Nazirliyi tərəfindən davamlı olaraq məktəblərin lazımi vəsaitlərlə "təmin etməsində" problemlər var? Yolda bu ləvazimatlar "Bermud üçbucağı"nın üstündən keçib yoxa çıxır?”

Ekspert rəsmi məlumatlara əsasən məktəblərdə 83 min kompüter olduğunu qeyd edib.

“Sevindirici haldır ki, bu gün respublika ərazisində hər 19 şagirdə bir kompüter düşür. Yəni orta məktəblərimizin əksəriyyəti kompüterlə tam təchiz edilib.

Amma bunlar təkcə kompüterlərdir. Axı 40 minə qədər də notebook Təhsil nazirliyi tərəfindən məktəblərə verilib. Hələ bir neçə xarici ölkə tərəfindən hədiyyə edilənləri demirəm. Misal üçün, Yaponiya, Koreya, Çin hökumətləri tərəfindən bir neçə dəfə noutbuklar hədiyyə edilib”.

Səidə

AzNews.az