Mehriban Əliyeva Fərid Məmmədovla görüşdü

7 İyun 2013 14:25 (UTC+04:00)
İyunun 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında İsveçin Malmö şəhərində keçirilmiş "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov ilə görüşüb.

Azərbaycanın birinci xanımı Fərid Məmmədovu müsabiqənin finalında uğurlu çıxışına və mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiyinə görə təbrik edib.

Mehriban xanım Əliyeva artıq altıncı dəfədir ki, "Eurovision" mahnı müsabiqəsində ölkəmizin uğurla təmsil olunduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın bu müsabiqədə yüksək səviyyədə iştirakının dövlətimiz tərəfindən daim dəstəkləndiyini qeyd etmiş, ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu bildirib. Mehriban xanım Əliyeva bütün bu uğurları həm də böyük bir komandanın nailiyyəti kimi dəyərləndirib.

Azərbaycanın müsabiqədə həmişə yüksək yerlərdə qərarlaşdığını vurğulayan Azərbaycanın birinci xanımı ölkəmizi "Eurovision-2013"də təmsil edən Fərid Məmmədovu bir daha təbrik etmiş, ona uğurlar arzulayıb.

Fərid Məmmədov da ona göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

AzNews.az