"Bu cür təşkilatçılıqla biz sonsuza qədər karantin rejimində oturacağıq" - Həkim

7 Dekabr 2020 12:00 (UTC+04:00)

“Tanıdıqlarım arasında bir neçə nəfər ikinci dəfə COVİD-19-a yoluxub. Yəni, iyul ayında yoluxan indi yenə yoluxur. Bu, o deməkdir ki, bu xəstəliyə dayanıqlı immunitet yaranmır”.

AzNews.az xəbər verir ki, bu sözləri həkim Qalib Əsədov koronavirusla mübarizədən danışan zaman deyib:

“Belə olan halda bu cür təşkilatçılıqla biz sonsuzluğa qədər karantin rejimində oturacağıq. Adamlar təkrar-təkrar yoluxacaq, illər boyu məktəblər işləməyəcək, gənclər toy edə bilməyəcək, işsizlik baş alıb gedəcək. Bütün dünya bunu artıq anlayıb və müvafiq tədbirlər görür:

1. Testləri çox miqdarda edərək, operativ surətdə yeni xəstələnənləri aşkar edir.

2. Dərhal müvafiq müalicə tədbirlərinə başlayır. Apteklərdə də ki, kifayət qədər keyfiyyətli dərman var.

Hamı da işində, gücündə. Mən İsveçrə, Belarusiya, Cənubi Koreya demirəm, elə Naxçıvan modelindən istifadə edə bilərik. Bir baxın orda yoluxma və ölüm nə qədərdir. Çünki iş düzgün təşkil olunub. Çoxlu test aparmalı, testlərin cavabı operativ hazırlanmalı və apteklər keyfiyyətli dərmanlarla təhciz olunmalıdır.

Hər yer, məktəb, universitet, iş yerləri bir sözlə hər yan açılmalıdır. Başqa yolumuz yoxdur”.

Səidə

AzNews.az