UEFA PSJ - "Başakşehir" matçı ilə bağlı araşdırma aparacaq

9 Dekabr 2020 09:30 (UTC+04:00)

Fransada PSJ və Türkiyənin "Başakşehir" komandaları arasındakı Çempionlar Liqasının VI tur matçında baş vermiş insident araşdırılacaq.

AzNews.az xəbər verir ki, bu barədə UEFA rəsmi tvitter hesabından paylaşım edib.

Avropa futbol qurumu hadisədən xəbərdar olduqlarını və hərtərəfli araşdırma aparacaqlarını bildirib: "İrqçiliyin və hər cür ayrıseçkiliyin futbolda yeri yoxdur".

Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu rumıniyalı 4-cü hakim Sebastian Koltsesunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Matçı bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək.