Qazaxıstan səfiri Azərbaycan xalqını təbrik edib

10 Dekabr 2020 22:43 (UTC+04:00)

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Azərbaycan xalqını təbrik edib.

AzNews.az xəbər verir ki, bu barədə səfirlikdən bildiriblər.

“Qardaş qazax xalqı adından bütün Azərbaycan xalqını bu xoş gün münasibətilə, Böyük Vətən müharibəsində əldə etdikləri böyük qələbə münasibətilə təbrik edir, xalqımın səmimi arzularını çatdırıram. Azərbaycan uzun illərdir gözlədiyimiz tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi. Bu şanlı qələbənin hamımız şahidiyik”, - deyə qeyd edən səfir Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbə çaldığını qeyd edib:

“Bu qələbə həm də onun taktiki fəndləri, səmərəli strategiyası, dəmir iradəsi, həmçinin xalqın yenilməz gücü sayəsində qazanıldı. Azərbaycan beynəlxalq hüququn müddəaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində ərazi bütövlüyünü təmin etdi. Bu Zəfər Günündə Böyük Vətən müharibəsi şəhidlərinin ailələrinə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmağı diləyirəm”.