“Bu müddət ərzində onlar konkret nə iş görəcəklər, necə görəcəklər?”

14 Dekabr 2020 15:30 (UTC+04:00)

“Xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin sayı məhdudlaşdırılacaq. Fəaliyyətinə icazə verilməyəcək qurumlardan biri də qeyri-hökumət təşkilatlarıdır”.

AzNews.az xəbər verir ki, bu haqda Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

O bildirib ki, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyət kodu icazə verilən fəaliyyətlər siyahısına daxil edilməyib:

“Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının eyni kateqoriyaya daxil olmasına baxmayaraq, QHT-lər sərt karantin dövründə fəaliyyətlərini ofis şəraitində davam etdirə bilməyəcəklər. Halbuki, pandemiyaya qarşı mübarizə yalnız inzibati deyil, eyni zamanda digər metodlar ilə də sistemli və paralel şəkildə aparılmalıdır. Təbliğat və maarifləndirici işlərin və hətta içtimai nəzarətinin səmərəliliyi birbaşa qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyətindən aslıdır. Digər tərəfdən bu sektorda çalışanların sayı da çox olmadığı üçün fəaliyyətə icazə epidomoloji vəziyyətə xüsusi təsir etməyəcək. Bu baxımdan, Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilən sahələrin siyahısına yenidən baxması və pandemiyaya qarşı mübarizədə vacib institut olan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə icazə verməsi məqsədəuyğundur”.

AzNews.az-a açıqlama verən “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova məsələyə iradını bildirib:

“QHT”in uzunmüddətli müqavilələri olmadığına görə onların işçilərinin də əmək müqavilələri yoxdur. Əmək müqaviləsi odur ki, müəyyən vergi ödəyəsən. QHT-lər o iqtidarda deyillər. QHT-lər könüllülərlə işləyən bir qurumdur. Bu qurum siyahıya əlavə edilməyib. Biz əmək müqaviləsi ilə deyil, xidmət müqaviləsi ilə fəaliyyət göstəririk. Hazırda QHT-lərin fəaliyyəti sual altındadır ki, bu müddət ərzində onlar konkret nə iş görəcəklər, necə görəcəklər? Açığı deyim ki, hökümətin özünün yaratdığı QHT-lərə icazə var, müstəqil QHT-lərə isə icazə yoxdur. Bu ayrıcalıqdır”.

Səidə

AzNews.az